Bu il Bakıda təcili tibbi yardım üçün 300 minədək müraciət qeydə alınıb

Bu il Bakıda təcili tibbi yardım üçün 300 minədək müraciət qeydə alınıb
# 05 iyul 2016 14:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 103 xidmətinə gündəlik ortalama 2 minə qədər çağırış daxil olur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çağırışlar çeşidlənərək bölmə həkimlərinə ötürülür və icra edilir. Bu ilin yanvar-iyun aylarında çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilib.

Ümumilikdə, BŞTTTYS yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub. Müraciət edənlərdən 25 mindən çox şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilib və 5 minə yaxın uşaq xəstəxanalara çatdırılıb.

Hesabat dövründə, miokard infarktı ilə 480 nəfər (465 nəfər hospitalizasiya edilib), insultla 1500 nəfər (1400 nəfər hospitalizasiya edilib), doğuşla bağlı 1600 nəfər (1590 nəfər hospitalizasiya edilib), avtoqəza zamanı xəsarət alanlarla bağlı 900 nəfər (800-dən artıq şəxs hospitalizasiya edilib) müraciət edib.

103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.

2016-cı ilin başlanğıcından bu günədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri də daxil olub ki, həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR