Bakıda 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin açılış mərasimi keçirilib - VİDEO

Bakıda 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin açılış mərasimi keçirilib - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə (“BIHE 2015”) sərgisinin açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, sərginin açılış mərasimində Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri, təşkilatçılar və digər rəsmi şəxslər iştirak edib.

Sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri də çıxış edirlər.

Bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə, dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edəcək. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirəcək. Rusiya şirkətlərinin Bakıda təşkil olunan sərgidə iştirakı Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi tərəfindən dəstəklənir. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcəklər.

Bu il “BIHE” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Ümumilikdə, sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12 faiz çoxdur.

Sentyabrın 19-da Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq. Eyni zamanda, sentyabrın 19-da Bakı Ekspo Mərkəzində “Aktual kardiologiya problemləri” mövzusuna həsr olunmuş 10-cu elmi-praktiki konfrans keçiriləcək. Konfransda yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Daha bir konfrans isə sentyabr ayının 19-da Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən təşkil olunacaq və bu konfransda “Tibbi turizm” sektorunun inkişaf məsələlərinə toxunulacaq.

“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya (“Stomatology Azerbaijan 2015”) və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb (“Beauty Azerbaijan 2015”) sərgiləri keçiriləcək. “Beauty Azerbaijan 2015” sərgisində Azərbaycan, Almaniya, Bəhreyn, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 15 şirkət iştirak edəcək.

Qeyd edək ki, sərgi sentyabrın 20-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR