Yaponiya XİN rəsmisi Milli Məclisdə olub

Yaponiya XİN rəsmisi Milli Məclisdə olub
# 30 avqust 2016 17:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşü keçirilib.

Parlamentdən APA-ya verilən məlumata görə, Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muxtar Babayev iki ölkə arasında münasibətlərin getdikcə dərinləşdiyini məmnunluqla vurğulayıb.

O qeyd edib ki, Sumqayıt şəhərində fəaliyyət göstərən bəzi müəssisələrdə Yaponiyanın “Mitsubishi” firmasının texnologiyalarından istifadə edilir: “Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlətimizin dəstəyi ilə mühüm tədbirlər həyata keçirilir, yeni sənaye parkları yaradılır”.

M. Babayev Azərbaycanın regionlarında müxtəlif infrastruktur layihələrin həyata keçirilməsində Yaponiya səfirliyinin aktiv iştirakını xüsusi qeyd edərək, bunun dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Milli Məclisin komitə sədri Hadi Rəcəbli isə bildirib ki, Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir.

Öz növbəsində M. Takisava göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, Milli Məclisin iclas zalı ilə tanış olduğunu söyləyib və burada deputatların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti, o cümlədən yeni texnologiyalardan istifadə edildiyini yüksək qiymətləndirib. Qonaq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, mədəni, humanitar, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlığın əhəmiyyətindən danışıb. M. Takisava Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan idmançılarının uğurlu çıxışları ilə bağlı öz təbriklərini çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR