Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə mediatur keçirilib

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə mediatur keçirilib
# 25 noyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakı şəhəri 5 nömrəli tam orta məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün mediatur keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mediatur zamanı KİV nümayəndələrinə məlumat verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb.

2015-2016-cı tədris ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4 dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR