Ombudsman BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisini qəbul edib

Ombudsman BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisini qəbul edib
# 20 iyul 2016 16:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT-nin Azərbaycanda Rezident əlaqələndiricisi, BMTİP-in/BMT-nin Əhali Fondunun Rezident nümayəndəsi Qulam İshaqzaini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsman təsisatının fəaliyyəti ilə tanışlıq və gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə qeyd olunub ki, Ombudsman təsisatı dörd regional ofisləri ilə birlikdə öz işini müxtəlif dövlət qurumları, milli və beynəlxalq qeyri-hökumət təşkilatları, habelə BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq şəraitində həyata keçirir.

Müvəkkil ölkədə reproduktiv sağlamlıqla bağlı vəziyyəti nəzərə çatdıraraq, regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırması üzrə icma əsaslı xidmətlərin yaradılmasının məqsədəmüvafiq olduğunu qeyd edib.

Q. İshaqzai bu yaxınlarda Azərbaycan hökuməti və BMT arasında növbəti beş illik üzrə tərəfdaşlıq çərçivəsinin təsdiq edildiyini diqqətə çatdırıb.

Sonda qonaq Ombudsmanın insan hüquqları sahəsində çox şaxəli, uğurlu fəaliyyət göstərdiyini vurğulayıb, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR