Xarici ölkələrin nümayəndələri Azərbaycanın vərəmə qarşı mübarizə sahəsindəki təcrübəsini öyrəniblər

Xarici ölkələrin nümayəndələri Azərbaycanın vərəmə qarşı mübarizə sahəsindəki təcrübəsini öyrəniblər
# 20 may 2016 13:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 16-dan 20-dək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Azərbaycanın vərəmə qarşı mübarizə sahəsindəki təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olublar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Filippin, Ukrayna, Moldova, Gürcüstan və Qırğızıstanın penitensiar müəssisələrində vərəm əleyhinə xidmətlər göstərən və 17 nəfər həkim, qeyri-hökumət təşkilatlarının nümayəndəsi və rəhbər vəzifəli şəxs üçün Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Vərəm üzrə Təlim Mərkəzi tərəfindən "Çoxsaylı / Geniş Dərmana Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq tədris kursu keçirilib.

Kursun açılışında nazirliyin Tibb baş idarəsinin rəhbərliyi və ÜST Avropa Regional Bürosu Mərkəzi Aparatının və Azərbaycan üzrə Ölkə Ofisinin məsul şəxsləri iştirak edib. Beş gün davam edən tədris kursunda dinləyicilər üçün yerli mühazirəçilər, həmçinin dəvət olunmuş beynəlxalq ekspertlər, o cümlədən ÜST-in məsul əməkdaşları tərəfindən xüsusi proqram üzrə müxtəlif mövzular tədris olunub. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq və Ədliyyə Nazirliyi tibb xidmətinin penitensiar müəssisələrdə praktiki fəaliyyətlərinin nəticələrinə əsaslanaraq hazırladığı mövzular təqdim edilib.

Tədris prosesində müalicənin mərkəzləşdirilmiş qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi dinləyicilərin marağına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR