Millət vəkili Hatay valisi ilə görüşdə Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfərini kəskin qınayıb

Millət vəkili  Hatay valisi ilə görüşdə Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfərini kəskin qınayıb
# 01 oktyabr 2017 04:42 (UTC +04:00)

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Hatay vilayətinin valisi, millət vəkilləri, tanınmış QHT və KİV rəhbərləri ilə, gənclər və qadın təşkilatlarının nümayəndələri ilə görüşüb və televiziyaların canlı yayımlarına qonaq olub.

APA-nın xəbərinə görə, Hatay valisi və millət vəkilləri ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib.

Millət vəkili Q.Paşayeva bir qrup Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan torpaqlarına səfərlər etməsi, separatçı rejimlə görüşməsi, Azərbaycan və Türkiyənin maraqları əleyhinə açıqlamalar verməsini kəskin qınayıb və Türkiyə QHT və KİV-lərinin də buna etiraz səsini yüksəltməsinin vacibliyini xüsusi vurğulayıb.

Bu kimi addımların iki qardaş ölkə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə yürütdüyü haqlı mübarizəsinə də öz mənfi təsirini göstərdiyini deyən millət vəkili Q.Paşayeva bu cür şəxslərə qarşı ciddi tədbirlər görülməli olduğunu deyib. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT və KİV-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb.

Millət vəkili Q. Paşayeva Hatayın QHT, KİV, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR