Astarada dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Astarada dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib
# 12 avqust 2015 17:46 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, yerli dini icmaların rəhbərlərinin və din xadimlərinin iştirakı ilə keçən tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev müstəqil Azərbaycan Respublikasında tolerantlıq və mədəniyyətlərarası dialoqların aparılması istiqamətində görülən işlər barədə ətraflı söz açıb.

Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlqar Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev, Ərçivan qəsəbə məscidinin Axundu Orucəli Feyziyev, Vaqo kənd məscidinin imamı Zaur Abbasov və başqaları çıxış edərək dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı dini icmalarda görülən işlər barədə məlumat veriblər.

Qeyd olunub ki, rayonda dini mərasim və ayinlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Radikal dini cərəyanlara qarşı ictimaiyyətin fəal köməyi ilə ciddi mübarizə aparılır. Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsaitin ayrılması dini icmaların fəaliyyətini xeyli canlandırıb. Astara rayonunun Şüvi, Pensər, Sığaloni və Şahağac kəndlərində fəaliyyət göstərən dini icmaların təqdim etdikləri layihələr əsasında onlara müvafiq miqdarda vəsait ayrılıb. Bu dini icmalarının təşkilatçılığı ilə keçirilən maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər ictimaiyyət nümayəndələrinin böyük marağına səbəb olub.

Tədbiri yekunlaşdıraan icra başçısı Q.Ağayev qeyd edib ki, tədbirdə müzakirə olunan məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün din xadimləri fəallıq göstərməli, yas məclislərinin keçirilməsi zamanı israfçılığın qarşısı alınmalı, bununla əlaqədar maarifləndirməyə geniş yer verilməli, xütbələrdə əsasən vətənpərvərlik və şəhidlərimizin qəhrəmanlıqları barədə söhbətlər aparılmalıdır. Vəhhabilik və digər yabançı təriqətlərə qarşı hamılıqla mübarizə aparılmalı, dini missionerlərin qarşısı alınmalı, dini radikalizmə qarşı mübarizə daha da gücləndirilməli, bu işdə ağsaqqalların və ziyalıların gücündən səmərəli istifadə edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR