Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin məhkəməsi başlayıb

Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin məhkəməsi başlayıb
# 21 may 2018 11:15 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. R. Sultanov səhhəti ilə əlaqədar barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.

Məhkəmə baxışı mayın 23-ə təyin olunub.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət alarkən yaxalanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR