SMPDK yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb

SMPDK yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb
# 26 oktyabr 2017 10:44 (UTC +04:00)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, seçkilərin təşkili üzrə Komissiyanın 12 sentyabr 2017-ci il tarixli iclas protokoluna əsasən seçkilərdə iştirak etmək istəyən namizədlər 18 sentyabr 2017-ci il tarixindən 20 oktyabr 2017-ci il tarixinədək namizədliklərini irəli sürüb və qeydiyyatdan keçiblər.

Namizədlərin qeydiyyat prosesi tam şəffaf, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə əsasən keçirilib.

Təmsilçilərinin səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin sədri İradə Yaqubova, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Məmməd Vəliyev, “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru İsrayıl İsgəndərovun İctimai Şura üzvlüyünə namizədlikləri qeydiyyata alınıb.

Xatırladaq ki, İctimai Şuraya seçkilər noyabrın 30-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR