“Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçirilib

“Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçirilib
# 11 noyabr 2016 11:47 (UTC +04:00)

Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Yaxın Şərqdə mövcud durum: Türkmən faciəsi” mövzusunda dəyirmi masa keçirilib.


APA-nın məlumatına görə, tədbirdə müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.

Dünya Azərbaycanlıları Konqresinin sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Yaxın Şərqdə türkmən faciəsi yaşanır və dünya birliyi, böyük dövlətlər bu faciəyə laqeyd yanaşır: “Bütün dünyanın gözünün qarşısında bizim parçamız olan xalq ölümlə üz-üzədir. Ortadoğu projesinin əsas hədəfi türklük və Türkiyədir. İraqda və Suriyada türkmənlər hədəfdədir, dünyanın səsi çıxmır. Mosul üçün türkmənlər silah istəyir, onlara silah verilmir. Qısa müddətdə 1500 türkmən oğurlanıb, işgəncələrə məruz qalıb. Bu, insanlığa qarşı soyqırımdır. Türkmənlərin varlığı təhlükə altına düşüb. İraqdakı türkmənlər bəzən Azərbaycan bayrağı ilə vuruşurlar, amma təəssüf ki, belə bir vəziyyətdə nə Türkiyənin, nə Azərbaycanın mövqeyi yoxdur. “Qarabağı həll etdik ki, Kərkükü düşünək?” deyənlər, bu fikirlə yaşayanlar yanılır. Bütün türklər bizim soydaşımızdır, onların dərdi bizim dərdimizdir. Fikir adamları bu millətin faciəsinə yanmalıdır. Sosial şəbəkələrdə nəyə görə bu dərdə laqeyd yanaşılır? Biz hər addımda bu faciələri dünyaya çatdırmalıyıq”.

Dəyirmi masada Telman Nüsrətoğlu məruzə ilə çıxış edib, türkmənlərin tarixi, müasir vəziyyəti ilə bağlı məlumat verib.

Tədbirdə çıxış edən digər şəxslər də türk dünyasını, o cümlədən Azərbaycan ictimaiyyətini türkmən faciəsinə laqeyd qalmamağa səsləyiblər.

Tədbirin sonunda Dünya Azərbaycanlıları Konqresi adından müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR