Göyçayda 100 kilometr uzunluğunda su boruları oğurlanaraq satılıb

Göyçayda 100 kilometr uzunluğunda su boruları oğurlanaraq satılıb
# 26 sentyabr 2017 15:12 (UTC +04:00)

Göyçay rayonunda yerin altı ilə çəkilmiş paslamayan su boruları oğurlanaraq satılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bığır kəndində Bərdə rayonundan olan Elsevər adlı şəxsin Göyçay rayon İcra Hakimiyyətinin Bığır kəndi üzrə icra nümayəndəsi Şıxverdi Behbudovla əlbir olaraq, Sovet dövründə kəndə salınmış 550 hektardan çox nar bağının, tərəvəz sahəsinin və üzüm plantasiyasının suvarılması məqsədilə çəkilmiş 100 kilometrdən çox uzunluğu, diametri 42 və 52 santimetr olan azbes və metal boru xəttini qanunsuz sökərək satdığı iddia olunur. Bildirilir ki, onlar vətəndaşların pay torpağından və nar bağlarından keçən yeraltı boru xətlərini sökərkən Bığır kənd sakinlərinin etirazı ilə qarşılaşıblar.

Şıxverdi Behbudov yerli sakinlərlə görüşərək ərazidən çıxarılan boruların satışından əldə olunacaq gəlirdən onlara da pul veriləcəyini vəd edib. Borular daşınaraq satılsa da, vətəndaşlara pul verilməyib.

Kənd sakini Ramiz Bilalov APA-ya həmin boru xətlərinin istismar müddətinin 100 il olduğunu və ərazidəki nasaz su nasoslarını bərpa etməklə həmin borular vasitəsilə susuzluqdan məhv olan nar bağlarını, tərəvəz sahələrini suvarmağın mümkün olduğunu bildiriblər. Onlar su borularının 30 ildən sonra sökülərək Ağdaş, Şəmkir, Sabirabad rayonlarında satılmasının qanunsuz olduğunu bildiriblər.

Kənd sakini Ramiz Bilalov bildirib ki, Şıxverdi Behbudov Bərdə rayonundan olan Elsevər adlı şəxslə əlbir olaraq boruları yerin altından tez bir zamanda çıxararaq daşınması üçün əraziyə 4 ədəd buldozer traktoru və 2 ədəd “Qaz 53” markalı yük avtomobili cəlb edib. Hazırda onlar Bığır kəndi ərazisində boru xətlərinin söküntüsü işlərini davam etdirirlər.

İddia olunur ki, Elsevər adlı şəxs SOCAR-ın Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən 700 millimetrlik köhnə qaz borusunun 600 metrlik hissəsini də qanunsuz olaraq sökərək satıb.

Şıxverdi Behbudov APA-ya su borularının Göyçay rayon İcra Hakimiyyətinin razılığı ilə söküldüyünü deyib. O, söküntü işlərini aparan şəxslərə kənd sakinlərinin mane olmaması üçün əraziyə nəzarət etdiyini bildirib. İcra nümayəndəsi vətəndaşların bununla bağlı aidiyyəti orqanlara çoxsaylı şikayət olduğunu və məsələnin rayon Polis Şöbəsi tərəfindən araşdırıldığını təsdiqləyib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev məsələdən xəbərsiz olduğunu bildirib. O, boru satılması işində kənd icra nümayəndəsinin adının hallanmasını yaxşı hal hesab etməyib və bunu pisləyib. O, bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını qeyd edib.

Qeyd edək ki, Bığır və Qarabaqqal kəndləri ərazisindən keçən su və qaz xətlərinin oğurlanması ilə əlaqədar vətəndaşların şikayəti əsasında hazırda Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR