BDU-nun mətbuat xidməti "2016-cı ilin ən yaxşı mətbuat xidməti" olub

BDU-nun mətbuat xidməti "2016-cı ilin ən yaxşı mətbuat xidməti" olub
# 22 dekabr 2016 09:32 (UTC +04:00)



Qafqazın ən böyük təhsil "facebook" səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"nin mətbuat xidmətlərində apardığı sorğuların nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, səhifənin rəhbəri Zöhrab Süleyman bildirib ki, sorğularda və bu il üçün 12 ayın statistikasında öndə olan, o cümlədən operativlik baxımından digər universitetləri qabaqlayan Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti "2016-cı ilin ən yaxşı mətbuat xidməti" adına layiq görülüb.

Qeyd edək ki, BDU-nun mətbuat xidməti kütləvi informasiya vasitələri ilə müntəzəm əlaqə yaratmaq, əldə olunan yenilik və nailiyyətlərin mətbuatda işıqlandırılmasını təmin etmək məqsədi ilə 21 aprel 2000-ci ildə yaradılıb. Xidmət 16 illik fəaliyyəti dövründə yerli və xarici medianı universitet yenilikləri ilə təmin etmək, xarici qonaqlar və xarici səfərlərlə bağlı materiallar hazırlamaq, mətbuat konfransları və müsahibələr təşkil etmək, BDU-da aparılan islahatlar, kəşf və ixtiralar, kafedra və laboratoriyaların fəaliyyəti ilə bağlı davamlı olaraq məqalələrlə çıxış etmək, universitetin və şöbənin saytını idarə etmək, Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri yeniləmək, universitetlə bağlı KİV-də işıq üzü görmüş materialları arxivləşdirmək, sosial şəbəkələrdə universitet səhifələrini yeniləmək, Youtube-nin «Baku State University» kanalına universitet tədbirlərindən hazırlanmış TV videoları yerləşdirmək, mətbu materialların monitorinqini aparmaq və digər işləri həyata keçirir. Xidmət tərəfindən indiyədək müxtəlif tədbirlər və müsabiqələr keçirilib, universitetin son 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında «Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında» (3 dildə) adlı kitab hazırlanıb, müxtəlif təşkilatların keçirdiyi sorğularda dəfələrlə “İlin mətbuat xidməti” adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR