TBMM sədri: “Türkiyə Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacaq”

TBMM sədri: “Türkiyə Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacaq”
# 22 dekabr 2016 15:11 (UTC +04:00)

Baş naziri Artur Rasizadə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin müasir dövrdə daha da inkişaf etdiyini bildirən A. Rasizadə bütün Azərbaycan xalqının son vaxtlar qardaş ölkədə törədilən amansız terror hadisələrindən dərin üzüntü keçirdiyini deyib. Ölkələr arasında faydalı əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi üçün Azərbaycan tərəfinin bütün zəruri addımları atacağını söyləyən baş nazir siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. A. Rasizadə qlobal enerji və nəqliyyat layihələrinin uğurla icra etdirilməsinin, eləcə də qeyri-neft sektorunda səmərəli işbirliyinin xalqların mənafeyinə uyğun olduğunu vurğulayıb.

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışını tarixi əhəmiyyətli mühüm hadisə kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman iki ölkənin qarşılıqlı əlaqələri bütün sahələrdə davam etdirməkdə qərarlı olduğunu qeyd edib. O, dost, qardaş Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinə hərtərəfli dəstək verəcəklərini deyib. TBMM sədri Türkiyənin Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacağını və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ədalətli həllini sonadək dəstəkləyəcəyini bir daha bəyan edib.

Görüşdə qlobal proseslər fonunda ikitərəfli münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR