İraq-İran sərhədində saxlanılan 500 azərbaycanlı zəvvarın problemi həll olunub - YENİLƏNİB-2

İraq-İran sərhədində saxlanılan 500 azərbaycanlı zəvvarın problemi həll olunub - <span style="color: red;">YENİLƏNİB-2
# 22 noyabr 2016 17:56 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. İran-İraq sərhəd keçid məntəqəsində saxlanılan zəvvarların problemi öz həllini tapıb və onlar ölkəyə yola düşüblər. Bunu APA-nın Tehran bürosuna İranın Ərbəin ziyarəti üzrə yaradılmış Qərargahın sözçüsü Həmidrza Qudərzi deyib.

500-ə yaxın azərbaycanlı zəvvarın İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılmasına dair APA-nın sorğusunu cavablandıran H.Qudərzi deyib ki, sözügedən Qərargah zəvvarların gediş-gəlişini asanlaşdırmaq və onlara yaxşı xidmət göstərilməsini təmin etməyə çalışır: “Əziz zəvvarlar üçün yaranan istənilən problemin tez bir zamanda həllinə çalışırıq”.

İranın İlam əyalət başçısının müavini ilə Azərbaycanlı zəvvarların problemi ilə bağlı əlaqə saxlayan APA-nın Tehrandakı müxbirinə bildirilib ki, həmin zəvvarlar Şələmçə sərhəd-buraxılış məntəqəsindən İraq torpağına keçiblər, lakin qayıdan zaman Şələmçə sərhəd keçid məntəqəsindən deyil, Mehran keçid məntəqəsinə müraciət ediblər. Həmin zəvvarların avtobuslarının sənədlərində problem olduğu üçün sərnişinlər ölkəyə buraxılmayıb. Zəvvarların daha çox sərhəd keçid məntəqəsində saxlanılmasının qarşısını almaq üçün, məsələdən xəbərdar olan İlam əyalət başçısının müavini və Ərbəin Qərargahının nümayəndəsi həmin problemin həlli istiqamətində tədbirlər görüblər. Sərhədə gələn üç avtobusun sənədlərindəki nöqsan aradan qaldırılıb və avtobuslar İran ərazisinə buraxılıb, Zəvvarların artıq öz ölkələrinə tərəf hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanlı zəvvarlardan 55 yaşlı bir qadın İraq torpağında infarkt keçirərək vəfat edib. Hazırda bu zəvvarın cəsədi qanuni prosedurdan keçirilməsi üçün İlam əyalətinin tibbi ekspertiza idarəsinə gətirilib. Proseduru keçdikdən sonra cəsəd Azərbaycana göndəriləcək.

Xatırladaq ki, Kərbəlaya ziyarətə gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılmışdı.

***** 20.16

Kərbəladan qayıdarkən İraq-İran sərhəddində saxlanılmış azərbaycanlı zəvvarları daşıyan avtobusların problemi həll olunub.

Bu barədə APA- ya zəvvarlardan biri Həşimov Mirələm məlumat verib.

O bildirib ki, məsələyə İranın Azərbaycandakı səfirliyi müdaxilə edib və sənədlər qaydasına salınıb. Hazırda bir neçə avtobus İranın Mehran sərhəd-keçid məntəqəsindən buraxılıb.

Digərlərinin də tez bir zamanda buraxılması gözlənilir.

***** 16.51

Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.

Bu barədə APA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: “500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR