DİM: 34 rayon üzrə 1595 nəzarətçi-müəllim seminarlara cəlb olunub

DİM: 34 rayon üzrə 1595 nəzarətçi-müəllim seminarlara cəlb olunub
# 23 yanvar 2017 13:31 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər keçirilib. DİM-dən APA-ya verilən xəbərə görə, seminarlar Bakı şəhəri üzrə Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron, Sumqayıt, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Naxçıvan, Mingəçevir, Göyçay, Şahbuz, Daşkəsən, Göygöl, Yevlax, Tərtər, İmişli, Biləsuvar, Siyəzən, Ordubad, Culfa, Samux, Goranboy, Oğuz, İsmayıllı, Babək, Şəmkir, Balakən, Ağsu, Hacıqabul, Cəlilabad, Şabran, Bərdə, Salyan üzrə təşkil edilib.

Seminarlara 34 rayon üzrə 755 təhsil müəssisəsindən 1595 nəzarətçi-müəllim cəlb olunub. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 102 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahanın gedişi ilə bağlı qaydalar izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilmiş və nəzarətçi‑müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib. Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Qeyd edək ki, seminarlar qrafikə uyğun olaraq (http://tqdk.gov.az/news/events/2694/) digər rayonlarda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR