ARDDA: Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə 340-dan çox uyğunsuzluq halı aşkarlanıb

ARDDA: Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə 340-dan çox uyğunsuzluq halı aşkarlanıb
# 27 dekabr 2016 08:08 (UTC +04:00)

2016-cı il ərzində Azərbaycana mənsub dəniz limanlarında 18585 gəminin girişi və 18373 gəminin çıxışı rəsmiləşdirilib, 3549 gəmi jurnalı təsdiq edilərək təhvil verilib və xarici dövlətin bayrağı altında üzən 1668 gəmiyə bələdçi xidməti göstərilib.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qurum tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Tərəfindən xarici dövlət bayrağı altında üzən Azərbaycana səfər edən 1105 gəminin və respublikamızın ərazi sularında keçən 630 gəminin naviqasiya ötürülməsi təmin edilib.

2016-cı ilin müvafiq dövrü ərzində Azərbaycanın dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İrana, 4-ü Qazaxıstana və 11-i Türkmənistana məxsus olub.

Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib. Qeyd edilən uyğunsuzluqlardan 273-ü "Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya"nın (SOLAS), 15-i "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya"nın (MARPOL), 32-si "Dənizdə Əməyə dair Konvensiyası"nın (MLC), 10-u "Yük nişanı haqqında Beynəlxalq Konvensiya"nın (ICLL), 7-si "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya"nın (COLREG) və 4-ü digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi və liman vasitələrinin mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycanın dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilib və bu gəmilərə "gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında" Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə" verilib. Həmçinin, 13 gəmidə ara yoxlaması keçirilib.

Həmçinin, 2016-cı il ərzində ARDDA tərəfindən 95 gəmiyə "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə", 27 gəmiyə "Mülkiyyət hüququ haqqında Şəhadətnamə", 96 gəmiyə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə", 38 gəmiyə "Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında Şəhadətnamə", 16 gəmiyə "gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə", 146 gəmiyə "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat", 10 gəmiyə "Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və Berbout-çarter reyestrindən çıxarış", 22 gəmiyə “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi” və 3 gəmiçilik şirkətinə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə verilib.

Eyni zamanda bildiririk ki, 37 ədəd müxtəlif təyinatlı gəmi Azərbaycanın Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınıb, 13 gəmi adıçəkilən reyestrlərdə təkrar qeydiyyata alınıb və onlara müvafiq şəhadətnamələr verilib.

Həmçinin, 1 gəmi Azərbaycan Dövlət Gəmi reyestrindən çıxarılıb.

Bundan əlavə, 1 gəminin Dənizdə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimatı, 66 gəminin Yanğınla mübarizə planının sxemi, 5 gəminin Yüklərin bərkidilməsi üzrə təlimatı, 3 gəminin Gəmi qəza yedək əməliyyatları planı təsdiq edilib. Eləcə də, "Kaspian Geofizikal" MMMM-in və "Saipem Contracting Netherlands" şirkətinin Əmniyyətli İdarəetmə Sistemi üzrə sənədlər toplusu təsdiq edilib.

Qeyd edək ki, ARDDA-nın rəsmi "Facebook" səhifəsi də fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR