ETSN: Abşeronda subasmaların aktivləşməsi torpaqların şoranlaşmasına səbəb olub

ETSN: Abşeronda subasmaların aktivləşməsi torpaqların şoranlaşmasına səbəb olub
# 10 aprel 2018 13:16 (UTC +04:00)

“Bilgəh qəsəbəsi 28 may küçəsində və ətraf ərazilərdə subasma sahələrində aktivlik müşahidə olunur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, payız – qış ayları ilə müqayisədə hazırda ərazidə qrunt sularının səviyyəsi aşağı enib: “Lakin subasma prosesinin fəsadları özünü göstərməkdədir. Ərazidə, həyətlərdə, həyətyanı sahələrdə torpaqların şoranlaşması prosesi müşahidə olunur. Çünki qrunt sularının səviyyəsinin qalxması birbaşa torpaqların şoranlaşmasına təsir edir. Qrunt sularının tərkibində duzların miqdarı çoxdur”.

Dəstə rəisi Bilgəhdə subasma sahələrinin yaranmasının əmələgəlmə səbəblərini də açıqlayıb.

R. Həsənov qeyd edib ki, drenaj şəbəkəsinin, mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması, ərazidə tikililərinin sayının artması subasma sahələrinin yaranmasına səbəb olur: “Abşeron yarımadasının şimal istiqamətində qrunt sularının axını Xəzər dənizinə doğrudur. Bilgəh də Xəzər dənizinin sahilində yerləşir. Yekun nəticədə proses əraziyə öz təsirini göstərir. Problem yalnız Bilgəhlə bağlı deyil. Abşeron yarımadasının şimal istiqamətində bu problem yaşanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR