Firudin Nəbiyev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Firudin Nəbiyev Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 29 sentyabr 2017 16:29 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşüb.

DMX-dən APA-ya verilən məlumata görə, Kestutis Yankauskası təyinatı münasibətilə təbrik edən xidmət rəisi Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrdən danışıb.

F. Nəbiyev Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən 2013-2015-ci illəri əhatə edən layihə çərçivəsində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsinin uğurla icra olunduğunu xatırladıb. Əlavə edib ki, TAİEX yardım aləti çərçivəsində də Dövlət Miqrasiya Xidməti bir sıra layihələr həyata keçirib. Hazırda “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”dən irəli gələn və 2016-cı ildən icrasına başlanan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsi ətrafında da müzakirələr aparılıb və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparıldığı qeyd edilib.

Kestutis Yankauskas Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan bu, əlaqələrin təkcə enerji sahəsini deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi və s. kimi sahələri əhatə edəcəyini söyləyib. Qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR