Şirvanda regional ictimai müzakirə keçirilib

Şirvanda regional ictimai müzakirə keçirilib
# 25 noyabr 2017 12:07 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Şirvanda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, müzakirəyə Aran iqtisadi rayonuna daxil olan Beyləqan, Biləsuvar, Hacıqabul, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyandan 300-ə yaxın sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Şirvan Bakıdan sonra Cənubi Qafqazın ikinci ən iri hərbi sənaye kompleksinə malik şəhərdir, həmçinin ölkədə elektrik enerjisi generasiyası, neft-qaz hasilatı, yüngül və ağır sənaye sahələrinin inkişaf etdiyi mühüm nəqliyyat qovşağıdır: “Aparılan iqtisadi islahatlar Şirvan kimi regional şəhərlərin bölgənin inkişaf mərkəzlərinə çevrilməsini təmin edir. Xüsusilə, Şirvan ətraf kənd təsərrüfatı rayonlarında əldə olunan məhsulun emalının təşkil edilməsi baxımından əhəmiyyətlidir”.

V. Qasımlı iqtisadi islahatların uğurunun təmin edilməsində ictimai iştirakçılığın vacibliyini qeyd edərək, artıq islahatların iqtisadiyyatda əsas drayverə çevrildiyini bildirib: "Bir tərəfdən sistemli iqtisadi islahatlar, digər yandan isə dövlətin qurduğu infrastruktur bölgə iqtisadiyyatının güclənməsi və əhalinin rifahının yaxışalaşdırılması ilə nəticələnir".

Azərbaycan prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov isə əlavə edib ki, prezident İlham Əliyevin tapşırıqlarına əsasən artıq uzun müddətdir bölgələrdə aparılan müzakirələr strateji yol xəritələrinin icrasında, biznes mühitin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlarda regionlardakı sahibkarların iştirakının təmin olunmasına xidmət edir. Eyni zamanda strateji yol xəritələrinin hər region üçün spesifik olan icra tədbirlərinin müəyyənləşdirilməsi baxımından da bu müzakirələr mühüm əhəmiyyət kəsb edir.

Müzakirələrdə İİTKM-nin Azexport portalının rəhbəri Zaur Qardaşov təqdimatla çıxış edib. İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov da sahibkarlara bölgəyə aid məlumatlar təqdim edib.

Tədbirə Şirvan şəhər icra hakimiyyəti başçısının birinci müavini Sabid Abıyev, Vergilər Nazirliyinin 5 saylı ərazi Vergilər idarəsinin direktoru Fuad Mahmudov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də qatılıb.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.

Qeyd edək ki, İİTKM Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıtda 1500-ə yaxın ictimaiyyət nümayəndəsi ilə bu mövzuda müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR