Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib
# 07 mart 2013 14:49 (UTC +04:00)

Bakı. Nizam Rza-APA. Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Belə ki, fevralın 27-də saat 06:50 radələrində paytaxtın Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti, 24 ünvanında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq piyada Əbdülova Badam Rəcəb qızını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsinin «Mersedes Benz-C 200» markalı «10-VX-861» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Abbasov tərəfindən törədilməsi müəyyən edilib. Cinayətin törədilməsində şübhəli bilinən H. Abbasov martın 4-də tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR