Qəbələdə atıcılığın daha 5 növü üzrə Dünya Kubokunun sahibi məlum olub

Qəbələdə atıcılığın daha 5 növü üzrə Dünya Kubokunun sahibi məlum olub
# 25 oktyabr 2014 19:27 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend atıcılıq növləri üzrə 280 idmançı iştirak edir.

Oktyabrın 25-də atıcılığın 5 növü üzrə, 10 metr məsafəyə pnevmatik tapançadan atış açma, 50 kubmetr pozisiyadan tüfənglə atəş açma, tapançadan 25 metr məsafəyə sürətli atəş açma, səngər və qoşa səngər stendi üzrə atəş açma üzrə yarışlar keçirilib. Bu yarışlarda ABŞ, Çin, İtaliya, Serbiya, Slovakiya, Fransa, Hindistan, Almaniya, İtaliya, Rusiya idmançıları mükafat uğrunda mübarizə aparıblar. Səngər stend atıcılığı üzrə kişilərin yarışında Massimo Fabrizi (İtaliya) birinci, Giovanni Pellielo (İtaliya) ikinci, Alberto Fernandez (İspaniya) üçüncü yeri tutub. Tapançadan 25 metr məsafəyə sürətli atəş açma yarışında kişilər arasında Leonid Yekimov (Rusiya) birinci, Aleksey Klimov (Rusiya) ikinci, Yuhong Li (Çin) üçüncü, 50 kubmetr pozisiyadan tüfənglə atəş açma yarışında kişilərdən Sergey Kamens (Rusiya) birinci, Daniel Brodmeyer (Almaniya) ikinci, Kristian Ole Brayn (Norveç) üçüncü, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında Sergey Çeryakovski (Rusiya) birinci, Pablo Karrera (İspaniya) ikinci, Vey Pang (Çin) üçüncü, qoşa səngər stendi üzrə Jefrey Holgun (ABŞ) birinci, Hao Vang (Çin) ikinci, Binyuan Hu (Çin) üçüncü yeri tutub.

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən öncə bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışları Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının Prezidenti Vladimir Lisin də izləyib. Yarışlar oktyabrın 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR