"AzTEST"in sınaq laboratoriyasının akkreditasiya sahəsi genişlənib

"AzTEST"in sınaq laboratoriyasının akkreditasiya sahəsi genişlənib
# 30 sentyabr 2015 08:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası beynəlxalq akkreditasiya istiqamətində daha bir uğurunu qazanıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, Almaniya Akkreditasiya Qurumunun (DaakS) auditorlarının komitənin laboratoriyasında apardıqları audit nəticəsində laboratoriyanın daha bir neçə sınaq metodu yüksək qiymətləndirilərək akkreditasiya sahəsinə əlavə edilib. Bunlara balda karbohidratların (şəkərin), qlükoza, saxaroza və fruktozanın miqdarının təyini, meyvə və tərəvəz məhsullarında pestisid qalıqlarının sınağı, suda toksiki elementlərin təyini, mikrobioloji sınaqlar, alkoqollu içkilərin daha bir neçə göstərici üzrə sınaqları aiddir. Ümumilikdə Komitənin qida laboratoriyasının həyata keçirdiyi 30 sınaq metodu beynəlxalq akkreditasiya prossedurundan keçərək xarici ölkələrdə tanınması təmin edilib.

Məlumat üçün bildirək ki, Komitənin yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniyanın Akkreditasiya Qurumu (Dakks) tərəfindən 2012-ci ildə akkreditasiya olunub. O zaman 14 sınaq metodu üzrə akkreditasiya olunan laboratoriya hazırda bunu 30-a çatdırıb.

Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilir. Belə ki, Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşmir, ixrac imkanlarının genişlənməsi, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait təmin olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR