Azərbaycana yeni «Toyota» avtomobili gətiriləcək

Azərbaycana yeni «Toyota» avtomobili gətiriləcək
# 28 fevral 2013 14:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Econmoics. Azərbaycanda «Toyota» avtomobillərinin rəsmi təmsilçisi olan «Toyota Bakı Mərkəzi» bu ilin mart-aprel ayları ərzində yeni «RAV4» modelini ölkəyə idxal edəcək.

«Toyota Bakı Mərkəzi»ndən «APA-Economics»ə verilən məlumata görə, sözügedən modelin dünya təqdimatı ötən ilin noyabr ayında Los-Ancelesdə (ABŞ) keçirilib. Qeyd edək ki, artıq uzun müddətdir birinci və ikinci nəslə aid olan «Toyota RAV4» modeli «qadın avtomobili» adını daşıyır və yaponların məhz bu ənənəni dağıtmaq niyyətindədir. «RAV4»ün öncəki modelləri xarici görünüşünə və daxili xarakterinə görə bir qədər yumşaq sayılırdı. Məhz bu səbəbdən bu avtomobilin sükanı arxasında çox vaxt qadınları görmək olurdu. Sonuncu, yeni «RAV4»ün alıcıları sırasında qadın və kişilərin sayı bərabərlik təşkil edib. «Toyota» korporasiyası ekspertlərinin fikrincə, tam yeni «RAV4» isə əsl «kişi avtomobili» olacaq. Belə ki, yaponlar bu avtomobillərin alıcıları arasında olan kişilərin sayını artırmaq niyyətindədir.

Yeni model bir qədər aqressiv xarici görünüş əldə edib. Avtomobilin ön hissəsi idmansayağıdır. «RAV4»ün interyeri də kifayət qədər dəyişikliyə məruz qalıb. Belə ki, krossoverin salonu kişilərin zövqünə daha çox bənzəyir və ehtimal olunur ki, qadınlar burada özlərini bir qədər narahat hiss edəcək.

Yeni krossoverin mühərriki əvvəlki kimi 2 litr həcmində (145 at gücü) qalıb. Buna baxmayaraq, avtomobil əvvəlki modellərdən fərqli olaraq uzadılıb, enləşdirilib və bir qədər hündürlüyünü itirib. Belə ki, yeni «RAV4»ün uzunluğu 4 570 mm, eni – 1 845 mm, hündürlüyü isə 1 660 mm təşkil edir.

«Toyota Bakı Mərkəzi»ndən yeni «RAV4»ün Azərbaycana mart-aprel ayları ərzində gətiriləcəyini bildirsələr də, yeni krossoverin hansı komplektasiyada ölkəyə idxal olunacağı və hansı qiymətə realizə ediləcəyi hələ məlum deyil.

Qeyd edək ki, hazırkı «RAV4»lər Azərbaycanda 3 komplektasiyada satılır – «Standard» (25 min manat), «Elegance» (27 min manat) və «Prestige» (30,5 min manat).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR