ABŞ səfiri: “Diplomatik fəaliyyətim dövründə Qarabağ problemi həll olunarsa, özümü dünyanın ən xoşbəxt insanı sayaram”

ABŞ səfiri: “Diplomatik fəaliyyətim dövründə Qarabağ problemi həll olunarsa, özümü dünyanın ən xoşbəxt insanı sayaram”
# 22 sentyabr 2012 21:05 (UTC +04:00)
APA-nın Cənub bürosunun məlumatına görə, bunu sentyabrın 22-də Lənkəranda səfərdə olan ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar jurnalistlərlə söhbətində deyib. Səfir kimi Bakıdan kənarda ilk səfərinin məhz Lənkəran şəhərinə təsadüf etməsindən məmnunluq hissi keçirdiyini bildirən amerikalı diplomat həyat yoldaşı xanım Feyslə bu gün bu diyarda gördüklərindən zəngin təəssürata malik olduğunu bəyan edib. Lənkəran şəhər stadionunda 17 yaşlı qızlar arasında dünya çempionatı çərçivəsində ABŞ-Fransa komandaları arasında keçirilən görüşü canlı izləməkdən böyük zövq aldığını dilə gətirən R.Morninqstar oyunun heç-heçə başa çatmasından nə özünün, nə də fransalı dostu Paskal Monyenin məyus olmadığını vurğulayıb.
Ermənistan-Azərbaycan probleminə toxunan ABŞ səfiri yekunda hər hasısa bir tərəfin müharibə istədiyinə inanmadığını bildirib: “Belə hesab edirəm ki, Azərbaycan və Ermənistan sülh prosesinin bərpa olunması və yekun sülh sazişinin razılaşmasının əldə olunması istiqamətində mühüm addımlar atsınlar. Hesab edirəm ki, vəziyyəti daha da gərginləşdirən və sülh prosesini çətinləşdirən hər hansı bir addım atılmamalıdır. Bir daha qeyd etmək istəyirəm ki, mən həm Minsk qrupunun həmsədrləri, həm də Azərbaycan hökumətinin rəsmiləri ilə danışıqlar yolu ilə bu prosesi irəliyə doğru aparmaq üçün əlimdən gələni edəciyəm”.
Azərbaycanın öz iqtisadi inkişafını daha da artırmaqla davam etdirmək və bölgədə iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmək üçün çox yaxşı imkanlara malik oduğunu bildirən xarici diplomatın fikrincə, 20 ildən bəri davam edən Dağlıq Qarabağ problemi öz həllini taparsa, Azərbaycan iqtisadi və digər sahələrdə lider ölkələrdən birinə çevrilə bilər və öz qonşularına, o cümlədən Ermənistana da inkişaf, tərəqqi üçün köməklik göstərə bilər: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsinə sadiqik və bunun baş verməsi üçün əlimizdən gələni edirik. ABŞ-da müxtəlif qrupların maraqları da müxtəlifdir. Ancaq mən əminliklə deyə bilərəm ki, ABŞ hökumətinin bir məqsədi və bir məramı var. Bu da Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Mən dövlət katibi Hillari Klintonla da şəxsi söhbətlərimdən deyə bilərəm ki, o da bu məsələnin həllini çox yüksək bir prioritet hesab edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR