Binəqədi RİH-də hesabat yığıncağı keçirilib

Binəqədi RİH-də hesabat yığıncağı keçirilib
# 24 iyul 2017 09:25 (UTC +04:00)

Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının yığıncağı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

X. İsgəndərov bu ilin altı ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb. O bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.

İcra başçısının müavini Vüsar İsmayılov isə bildirib ki, rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin iki rübü ərzində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər davam etdirilməkdədir. Həyata keçirilən yenidənqurma işləri çərçivəsində 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı binanın arxa hissəsindəki yaşıllıq zolağı abadlaşdırılıb, ərazidə söhbətgah, uşaq oyun elementləri quraşdırılıb, yaşıl çəmən örtüyü salınıb, tamet daşı düzülüb, 195 kv.m asfalt örtüyü çəkilib və müxtəlif növ bəzək kolları əkilib.

V. İsmayılov bildirib ki, rayonda ciddi narazılıq doğuran məsələlərdən biri də yağış zamanı drenaj sisteminin olmaması səbəbindən Binəqədi şossesində güclü su basmaların əmələ gəlməsi idi. O qeyd edib ki, yağış sularının ötürülməsi üçün drenaj sisteminin quraşdırılması işi artıq başa çatmaq üzrədir. Şossenin 4-cü qapı adlanan hissəsində layihə-smeta işləri artıq başa çatıb və bu yaxınlarda orada da drenaj sisteminin quraşdırılması işinə başlanılacaq. Bütün bu işlər tamamlandıqdan sonra isə “Azəravtoyol” ASC tərəfindən yolun yenidən çəkilməsi və asfaltlanması işləri həyata keçiriləcək.

Həmçinin qeyd olunub ki, "Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub.

Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Ekologiya və təbii sərvətlər departamentinin direktoru Əlişah Rəcəbov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov ikinci rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışıblar və qarşıda duran vəzifələri müzakirə etdilər. Sonra Şura iclasının qərar layihəsi oxunub.

İclasa yekun vuran X. İsgəndərov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR