Fələstinin Azərbaycandakı səfiri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub

Fələstinin Azərbaycandakı səfiri  AMEA-nın Mərkəzi Elmi Kitabxanasında  olub
# 06 may 2015 02:26 (UTC +04:00)

Bakı-APA. Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonağı kitabxanada ikinci dəfə görməkdən məmnun olduğunu ifadə edərək, görüşün ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

İki ölkənin münasibətlərindən danışan səfir Nasir Əbdül Kərim Azərbaycanın Fələstini dövlət kimi ilk tanıyan ölkələrdən biri olduğunu, Fələstin məsələsində hər zaman onun mövqeyini dəstəklədiyini bildirib. Eyni zamanda Azərbaycanla Fələstin arasında fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Siyasi münasibətlərin yaxşı səviyyədə davam edəcəyinə, xalqlar arasında münasibətlərin genişlənəcəyinə və daha da irəli gedəcəyinə ümidvar olduğunu söyləyib.

Diplomat Fələstində baş verən siyasi hadisələrin ölkəsinin elminə, təhsilinə və mədəniyyətinə təsirsiz ötüşmədiyini bildirib. Bu məqsədlə Azərbaycanın müasir elmi mərkəzləri və ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsində və onlarım təcrübəsindən yaralanmaqda fayda olduğunu vurğulayıb.

Azərbaycanda bəzi ali təhsil ocaqlarında və elmi müəssisələrdə keçirdiyi görüşlərdən söz açan səfir azərbaycanlıların Fələstin barədə daha çox məlumatlı olduğunu, fələstinlilərin isə Azərbaycan barədə bir o qədər də geniş məlumata malik olmadığını qeyd edib. Bunu nəzərə alaraq, ölkəsinin tanınmış kitabxanaları ilə MEK arasında informasiya mübadiləsi, müştərək proqram və layihələrin həyata keçirilməsinin labüd olduğunu deyib: “Arzu olunan haldır ki, bütün şərq ölkələrinin müasir kitabxanaları arasında vahid koordinasiya qurulsun, vahid dildə məlumat bazası yaradılsın. Şərq elmi, mədəniyyəti və tarixi haqqında məlumatlar dünyaya Qərbin təqdim etdiyi kimi deyil, Şərq ölkələrinin özlərinin dili ilə çatdırılsın”.

Səfir MEK ilə ölkəsinin elmi müəssisələri və ali təhsil ocaqları arasında əlaqələrin qurulmasına və sıx əməkdaşlığın aparılmasına çalışacağını söyləyib.

Daha sonra L.İmanova MEK-də Fələstin tarixi, elm və mədəniyyətini əks etdirən guşənin hazırlanması məqsədilə səfirliklə birgə işin təşkil edilməsi, o cümlədən gələcəkdə əməkdaşlıq memorandumuna daxil edilməsi vacib hesab olunan fəaliyyətlər və sözügedən sənədin imzalanması barədə təkliflər səsləndirib.

Sonda əməkdaşlığa dair digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR