Bank Of Baku

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO
# 31 iyul 2026 13:05 (UTC +04:00)

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Sizin dəstəyiniz və daimi yaxınlaşmaq səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib.

Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında Sizin rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz.

Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim.

Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətli İlham Heydər oğlu, icazə verin, “Manas” ordenini Sizə təqdim edim.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu.

Prezident Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim etdi.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, bu yüksək mükafata görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən onu Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində fəaliyyətimə Sizin verdiyiniz qiymət hesab edirəm. Sizinlə əməkdaşlıq illərimiz ərzində ölkələrimiz çox böyük və şərəfli yol qət edib, dövlətlərarası münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dünyada bundan yüksək səviyyə mövcud deyil. Qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində şəxsi iştirakınıza görə Sizə çox dərindən minnətdaram.

Bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm.

Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm.

x x x

Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

x x x

Çıxışına davam edən Prezident İlham Əliyev dedi: Bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş Qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.

Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimiz də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.

İqtisadi inkişaf, sosial tərəqqi Sizin Qırğız xalqına qayğınızın göstəricisidir. Necə ki, bu gün Qırğızıstandan xaricə deyil, xaricdən Qırğızıstana miqrasiya axını baş verir. Bütün bunlar Sizin şəxsi iştirakınız, Sizin qərarlarınız, Sizin uzaqgörənliyiniz sayəsində mümkün olub. Mən Bişkekdə dəfələrlə olmuşam, İssık-Kulun gözəl sahilinə də ilk dəfədir ki, gəlmirəm. Deyə bilərəm ki, bütün ölkə boyu inkişaf gedir. Əlbəttə, Qırğızıstan vətəndaşları bunu daha yaxşı bilirlər. Düşünürəm ki, Sizə göstərilən ümumxalq dəstəyi Sizin əməyinizin başlıca nəticəsidir və yəqin ki, ən böyük mükafatdır. Azərbaycan da Sizin həm Qırğızıstanın inkişafına, həm də ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfənizi yüksək qiymətləndirir. Mənim Fərmanımla Siz Azərbaycanın ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunmusunuz. İndicə Fərmanı elan etdilər. İcazə verin bu yüksək mükafatı Sizə təqdim edim.

x x x

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Sadır Japarova təqdim etdi.

x x x

Prezident Sadır Japarov dedi: Hörmətli İlham Heydər oğlu.

İcazə verin, göstərilən hörmət və dostluq əlamətinə görə, Sizə səmimi minnətdarlığımı bildirim. Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından birini - “Heydər Əliyev” ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır.

Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.

Sizə təşəkkür edirəm. Sağ olun.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR