Prezident İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
APA-nın xəbərinə görə, Fərmana əsasən, müəyyən edilib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatların “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
- vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
- mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi aşağıdakılar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
- Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması;
- normativ hüquqi aktların təkmilləşdirilməsi;
- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi.
Maliyyə Nazirliyi həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı müddəa 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülməsinə dair tələb isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.