Azad edilmiş ərazilərdə sığortaedənlərlə bağlı qərar təsdiqlənib

Azad edilmiş ərazilərdə sığortaedənlərlə bağlı qərar təsdiqlənib
# 11 dekabr 2023 10:32 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.

Qərara əsasən, bu Qayda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasını tənzimləyir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən və həmin ərazilərdə vergi uçotuna alınan hüquqi və fiziki şəxslər barədə hər rüb üzrə məlumatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə rüb başa çatdıqdan sonra növbəti ayın 5-dək təqdim edir.

Agentlik hər ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü üzrə layihələrin maliyyələşdirilməsinə dair aylıq məlumatları növbəti ayın 5-dək Dövlət Vergi Xidmətinə təqdim edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işğaldan azad edilmiş ərazilərə buraxılış qeydiyyatına dair sığortaedənlər və sığortaolunanlar barədə məlumatlar həmin Nazirlik tərəfindən Dövlət Vergi Xidmətinə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 5-dək təqdim edilir.

Bu Qaydanın məqsədləri üçün sığortaedənlər (sığorta- olunanlar) dedikdə, qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan, bilavasitə həmin ərazilərdə fəaliyyətini həyata keçirən və işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər nəzərdə tutulur.

Sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir.
Aşağıdakı hallarda sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılmır:

-sığortaedənin məcburi dövlət sosial sığorta haqları üzrə borcu olduqda və (və ya) sığortaedən Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatı təqdim etmədikdə və ya hesabat dövründə fəaliyyət göstərmədiyi halda həmin hesabat əvəzinə fəaliyyətin olmaması barədə arayış təqdim etdikdə;

-sığortaedənin müraciətinin aid edildiyi dövr üzrə sığortaolunanla bağlanılmış əmək müqaviləsində (kontraktında) sığortaolunanın işğaldan azad edilmiş ərazilərdə işə cəlb olunmasına dair, həmçinin Daxili İşlər Nazirliyində işğaldan azad edilmiş ərazilərə buraxılış qeydiyyatına dair məlumatları olmayan şəxslərin xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənildikdə;

- sığortaedən subsidiyanın ödənilməli olduğu vaxtda riskli vergi ödəyicisi hesab edildikdə;

- sığortaedənin müraciətinin aid edildiyi dövr üzrə Qanuna əsasən təqdim etdiyi hesabatda vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində uyğunsuzluq aşkar edildikdə. Subsidiyanın ödənilməsi və bu sahədə nəzarət həyata keçiriləcək.

Ödəniləcək subsidiyanın məbləği Qanuna uyğun olaraq müəyyən edilir. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması Qanunla müəyyən edilmiş müddətdə və bu Qaydaya uyğun həyata keçirilir.

Subsidiyanın alınması üçün sığortaedən tərəfindən Qanunda nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən sonra, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alaraq məcburi dövlət sosial sığorta haqlarını ödəyən sığortaedən tərəfindən rüb başa çatdıqdan sonra 5 (beş) gün müddətində bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq elektron ərizə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə qeydiyyatda olduqları vergi orqanına təqdim olunur.

Subsidiyanın alınması üçün sığortaedənin ərizəsi daxil olduqdan 10 (on) gün müddətində vergi orqanı tərəfindən həmin ərizənin bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Məlumatlar vergi orqanı tərəfindən yoxlanılarkən subsidiya almaq hüququ olmayan sığortaedənə bu Qaydanın 2 nömrəli, həmçinin uyğunsuzluq aşkar edildiyi təqdirdə bununla əlaqədar sığortaedənə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun bildiriş həmin uyğunsuzluq aşkar edildiyi andan 5 (beş) gündən gec olmayaraq elektron kabinet vasitəsilə göndərilir. Vergi orqanı tərəfindən subsidiya almaq hüququ olan sığortaedənə subsidiyanın verilməsi ilə bağlı bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada üç nüsxədə rəy tərtib edilir. Rəyin iki nüsxəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) təqdim edilir, bir nüsxəsi isə vergi orqanında qalır.

Nazirlik 10 (on) gün müddətində vergi orqanı tərəfindən bu Qaydya uyğun olaraq göndərilmiş rəyə əlavə edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedən üzrə sığortaolunanların siyahısı”nda qeyd olunmuş şəxslərin sığortaolunan kimi sığortaçıda uçotda olmasını yoxlayır və uyğunsuzluq aşkar edilmədikdə, bu Qaydanın 5 nömrəli əlavəsinə uyğun olaraq iki nüsxədə rəy tərtib edir. Rəyin bir nüsxəsi vergi orqanından daxil olmuş rəy əlavə edilməklə Agentliyə təqdim edilir, bir nüsxəsi isə Nazirlikdə qalır.

Uyğunsuzluq aşkar edildikdə isə həmin müddətdən gec olmayaraq, vergi orqanının rəyi həmin uyğunsuzluq qeyd edilməklə bu Qaydanın 6 nömrəli əlavəsinə uyğun tərtib edilmiş rəylə birlikdə vergi orqanına geri qaytarılır. Vergi orqanı tərəfindən bu barədə sığortaedənə 5 (beş) gündən gec olmayaraq, bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun elektron kabinet vasitəsilə bildiriş göndərilir.

Agentlik Nazirlik tərəfindən göndərilmiş rəylər əsasında 5 (beş) gün müddətində subsidiya məbləğinin sığortaedənin müraciətində göstərdiyi bank hesabına köçürülməsini həyata keçirir. Agentlik hər rüb üzrə yixarıdakı müddət bitdikdən sonra 10 (on) gündən gec olmayaraq, ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinin vəsaiti hesabına bank hesablarına subsidiya məbləği köçürülmüş sığortaedənlər barədə məlumatları Dövlət Vergi Xidmətinə və Nazirliyə təqdim edir. Subsidiya məbləğinin bank hesablarına köçürülməsi zamanı sığortaedənlərə dair rekvizitlərdə olan uyğunsuzluqla bağlı bu Qaydanın 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada üç nüsxədə rəy tərtib edilir. Agentliyin rəyinin bir nüsxəsi vergi orqanına, bir nüsxəsi isə Nazirliyə həmin orqanların rəyləri ilə birlikdə geri qaytarılır və vergi orqanı tərəfindən rəy daxil olduğu tarixdən etibarən 5 (beş) gündən gec olmayaraq, bu barədə sığortaedənə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun elektron kabinet vasitəsilə bildiriş göndərilir. Rəyin bir nüsxəsi isə Agentlikdə qalır.

Ərizəçinin vergi orqanı tərəfindən göndərilən bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun bildirişi aldığı vaxtdan subsidiyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət subsidiyanın verilməsi müddətinə daxil edilmir. Ərizəçi aşkar olunmuş uyğunsuzluğu aradan qaldırdıqdan sonra subsidiyanın verilməsi üçün yenidən ərizə ilə vergi orqanına müraciət edə bilər və ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Sığortaedən tərəfindən Qanunda nəzərdə tutulan hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən sonra, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alaraq məcburi dövlət sosial sığorta haqlarını ödəyən sığortaedən tərəfindən rüb başa çatdıqdan sonra 5 (beş) gün müddətində elektron ərizə ilə müraciət edilmədikdə, növbəti rüblərdə bu Qaydada qeyd edilmiş müddətdə müraciət edilə bilər.

Subsidiyanın verilməsindən imtina barədə vergi orqanının qərarı bu Qaydada nəzərdə tutulmuş subsidiyanın verilməsi şərtlərinə istinad edilməklə əsaslandırılmalıdır. Ərizəçi subsidiyanın verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR