Azərbaycan DİM-lə bağlı çağırışlarda güclü institusional bazaya malikdir. Bizim dövlət proqramlarımız, sənədlərimiz Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “Azərbaycan 2030”, 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası və hazırlanmaqda olan, yaxın vaxtlarda qəbul edilməsi gözlənilən 2027–2030-cu illər üçün yeni sosial-iqtisadi inkişaf Strategiyası Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılıb:
“Bildiyiniz kimi, burada şəffaflıq əsas məsələlərdən biridir. Biz indiyədək dörd Könüllü Milli Hesabat təqdim etmişik və Könüllü Milli Hesabat təqdim edən dünyada beş ölkədən biriyik. Beşinci Könüllü Milli Hesabatımız isə hazırlanır və onun 2027-ci ildə təqdim olunması nəzərdə tutulur”.