"Xarici dil serifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub".
APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, xarici dil sertifikatlarının ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının qərarı ilə təsdiqlənib və yoxlamalar həmin qaydalar əsasında aparılır:
"Xarici dil sertifikatlarının yoxlanılması bağlı da müəyyən insanlarda narazılıqlar yaranır, müəyyən şikayətləri olur və s. Mən qısaca olaraq onu bildirim ki, əsas beynəlxalq dil sertifikatları müəyyən sertifikatlaşma mərkəzlərində yox, ev şəraitində imtahanlar verilməklə hazırlanıb və verilib. Təbii olaraq, orada da müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub. Ona görə də biz həmin o sertifikatı olan vətəndaşları qaydalarımıza uyğun olaraq yenidən yoxlayırıq".
O, sertifikatların beynəlxalq yoxlamadan keçdiyini bildirib: "Müəyyən şikayətlər olur ki, bu beynəlxalq sertifikatdır, bunu niyə yoxlayırsınız, buna inanmalısınız. Amma mən sizə bir qeyd eləyim ki, həmin sertifikatı verən, deməli, Educational Testing Service (ETS) şirkəti ki var, qurum özü bizim müəyyən sertifikatlarla bağlı sorğularımıza cavab olaraq bildirmişdi ki, müəyyən sertifikatlar saxtadırlar. Bu il ərzində, yoxlanılan beynəlxalq dil sertifikatlarından 162-si təsdiqlənib, ama 11-i saxta olaraq, qeyri-şəffaf üsullarla alındığına görə qəbul edilməyib".