Bank Of Baku

“Qaradağ Sement” yeni məhsulunu təqdim edib

“Qaradağ Sement” yeni məhsulunu təqdim edib
# 20 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. “Qaradağ Sement” ASC müştərilərə yeni sulfata davamlı sement məhsulunu təqdim edib. «APA-Economics»in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən şirkətin rəhbəri Horia Adrian bildirib ki, “Qaradağ Sement” ilk dəfə olaraq 2005-ci ildə “Hər sementin öz yeri var!” prinsipini irəli sürüb və öz məhsulları üçün tövsiyə olunan tətbiq sahələrini müəyyən edib.

Şirkətin satış meneceri Balint Kato isə bildirib ki, hazırda müştərilərə təqdim olunan sulfata davamlı sement – SOLİD müxtəlif duzların təsirinə məruz qalan beton bünövrə və yeraltı qurğular, habelə təbii suların təsiri altında istismar olunan beton və hörgü konstruksiyaları üçün istifadə oluna bilər. Bundan əlavə, SOLİD sementi irihəcmli, aşağı istilik ayrılması tələb olunan beton konstruksiyalarının istehsalı üçün də məqsədəuyğundur. Yüksək möhkəmliyə malik yeni sement, həmçinin, adi beton və beton məmulatlarının istehsalında da istifadə oluna bilər. B. Katonun sözlərinə görə, şirkət bu il 50 min ton sulfata davamlı sement istehsalı proqnozlaşdırır.

Şirkət nümayəndəsi qeyd edib ki, SOLİD sementi həm yerli, həm də xarici standartlara uyğun olaraq istehsal olunur. Sementin sulfata davamlılıq xassəsi 2008-ci ilin mart ayında Rusiyanın CEMİSCON şirkəti tərəfindən sınaqdan keçirilib və sertifikatlaşdırılıb. Sement, həmçinin, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən də sertifikat alıb.

Qeyd edək ki, “Qaradağ Sement” ASC Azərbaycanda ən iri klinker və sement istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib və müəssisənin kapitalının əsas pay sahibi kimi «Holcim Group» (İsveçrə) çıxış edir. 2007-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı və 2008-ci ildə Azərbaycan İnvestisiya Şirkəti ayır-ayrılıqda “Qarabağ Sement” ASC-nin ümumi kapitalının 10%-lik payını almaqla zavodun səhmdarları sırasına qatılıb. “Qarabağ Sement” ASC-nin 2007-ci ildə bazar payı 42% təşkil edib və ötən il il şirkət 1,34 mln. ton sement satıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR