Bank Of Baku

Bahar-Hövsan-Suraxanı qaz boru kəmərinin sualtı hissəsinin inşası tamamlanıb

Bahar-Hövsan-Suraxanı qaz boru kəmərinin sualtı hissəsinin inşası tamamlanıb
# 03 oktyabr 2008 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Süleyman Vəzirov» borudüzən gəmisi vasitəsilə Bahar-Hövsan-Suraxanı qaz boru kəmərinin sualtı 6 km-lik hissəsinin inşasını başa çatdırıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda kəmərin çəkilişi davam etdirilir. Ümumiyyətlə, bu ilin sentyabrın 17-dən (tikinti işlərinin başlanmasından) oktyabrın 2-dək ümumi uzunluğu 5 789 metr olan 486 ədəd boru qaynaq edilərək dənizin dibinə salınıb. Yeni qaz kəməri bu ilin sonunadək tam istismara veriləcək.
Qeyd edək ki, 20 düymlük Bahar-Hövsan-Suraxanı qaz kəməri ARDNŞ-in qaz proqramı üzrə 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. Ümumi uzunluğu 37 km olan Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək. Kəmər «Şimal» elektrik stansiyasını, eləcə də Bakı ətrafında yerləşən digər istehlakçıları qazla təmin edəcək. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir. Boru kəmərinin dəniz hissəsinin sifarişçisi «28 May» NQÇİ, quru hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Kəmərlə «Günəşli» yatağında hasil edilən qaz nəql ediləcək. Boru kəmərinin layihəsi «Dənizneftqazlayihə» İnstitutunda işlənib. Baş podratçı rolunda «Neftqaztikinti» tresti çıxış edir. Kəmərin marşrutu boyunca dənizin dərinliyi 12-16 metr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR