Bank Of Baku

Gələn il Azərbaycanda Kağızın Təkrar İstehsalı Fabriki fəaliyyətə başlayacaq

Gələn il Azərbaycanda Kağızın Təkrar İstehsalı Fabriki fəaliyyətə başlayacaq
# 09 oktyabr 2008 11:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Azersun Holding»in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kazım Babayev qeyd edib ki, ümumiyyətlə bütün Avropa ölkələrində təkrar emala ciddi fikir verilir və «Azersun Holding» də bu amili nəzərə alaraq Kağızın Təkrar İstehsalı Fabrikinin inşasını qərara alıb: «Hazırda biz «Yaşıl qutu» korporativ pilot layihəsini həyata keçiririk. Bu layihə çərçivəsində istifadə olunmuş kağızlar yığılıb fabrikə təhvil veriləcək».
Konfransda çıxış edən «Azersun Holding»in biznesin inkişafı və investisiyalar şöbəsinin müdiri Mehram Məmmədov bildirib ki, fabrikin tikintisi Azərbaycan üçün tam yeni tipli layihədir: «Artıq layihənin icrasına dair bütün sənədlər imzalanıb və fabrikin tikintisinə 30 mln. avro yönəldiləcək. Vəsaitdən 19-20 mln. avro texnoloji avadanlıqlara, qalan hissəsi isə fabrikin inşasına sərf olunacaq. Layihə 4-5 il ərzində öz xərclərini tam ödəyəcək. Zavodun gündəlik istehsal gücü 150 ton, illik isə 50 min ton təşkil edəcək».
M.Məmmədov həmçinin bildirib ki, Avropadan alınmış müasir avadanlıqlarla təchiz olunan və gələcəkdə müxtəlif növ kağız istehsal edəcək fabrikin tikintisinin maliyyələşdirilməsinin bir hissəsi «Azersun» tərəfindən aparılacaq, lakin layihəni tam maliyyələşdirmək üçün xarici maliyyə təşkilatı da cəlb olunacaq. Belə ki, hazırda şirkət İslam İnkişaf Bankı ilə danışıqlar aparır.
M.Məmmədovun sözlərinə görə, fabrikin ərazisində mürəkkəbsizləşdirmə sexi də inşa olunacaq və həmin sex vasitəsilə istehsal olunan kağızlar keyfiyyətini itirməyəcək.
«Fabrik təxminən 2009-cu ilin sonuncu rübündə işə başlayacaq. Ümumiyyətlə, müəssisədə 1 150 nəfər daimi işlə təmin olunacaq ki, bunun da 900 nəfəri makulatura yığılmasında, 250 nəfəri isə istehsalatda çalışacaq. Makulaturanın yığılması üçün 30 məntəqə yaradılacaq», - deyə M.Məmmədov bildirib.
Bundan başqa, M.Məmmədov qeyd edib ki, illik 50 min ton istehsal gücü olan fabrik həm ölkənin daxili tələbatını, həm də Gürcüstan, Türkmənistan və digər ölkələrə məhsul ixrac edəcək: «Hazırda Azərbaycanın illik kağız tələbatı 42 min ton təşkil edir. Fabrikin istehsal gücü ölkənin tələbatını tam ödəyəcək, istehsalın qalan hissəsi isə qonşu ölkələrə ixrac olunacaq».
Qeyd edək ki, «Azersun Holding» Şirkətlər Qrupu 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət ölkənin kənd təsərrüfatı, sosial, idman və digər sahələrdə bir sıra layihələr həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR