Bank Of Baku

Gələn ilin sonuna kimi Azərbaycanın bütün şəhər və rayon mərkəzləri elektron elektrik sayğacları ilə təmin olunacaq

Gələn ilin sonuna kimi Azərbaycanın bütün şəhər və rayon mərkəzləri elektron elektrik sayğacları ilə təmin olunacaq
# 20 oktyabr 2008 15:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən iki il ərzində Azərbaycanın enerji sistemində ölkənin daxili imkanları hesabına 700 MVt yeni güc əldə olunub. «APA-Economics»in məlumatına görə, bunu 20 oktyabr - Energetiklər Günü münasibəti ilə keçilən tədbirdə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
E.Pirverdiyevin sözlərinə görə, 2008-ci ilin sonuna kimi Səngəçalda 300 MVt, Sumqayıtda isə 525 MVt gücündə iki, gələn ilin birinci yarısında isə Qubada 104 MVt gücə malik yeni elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
E.Pirverdiyev son illər elektrik şəbəkələrinin yenidən qurulduğunu, əhalinin enerji təchizatındakı fasilələrin aradan qalxdığını da vurğulayıb. «Azərenerji» rəhbəri bildirib ki, gələn il İmişli-Parsabad, İmişli-Şirvan, Şirvan-Salyan kimi yüksək gərginlikli elektrik verilişi xətlərinin istifadəyə verilməsi, yaxın vaxtlarda isə 330 kV-luq İmişli-Goranboy xəttinin tikintisinə başlanılması nəzərdə tutulur.
«Dövlət başçısının tapşırığına əsasən, gələn ilin sonuna qədər bütün şəhərlərdə və rayon mərkəzlərində kartla işləyən sayğaclar quraşdırılacaq. Bundan sonra, digər yaşayış məntəqələrində bu tip sayğacların qurulması planlaşdırılır», - deyə E.Pirverdiyev vurğulayıb.
E.Pirverdiyev bu ildən etibarən energetiklərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərə start verildiyini də qeyd edib. Bu gün Şirvan şəhərində «Azərenerji»nin işçiləri üçün tikilmiş 60 mənzilli yaşayış binası istifadəyə verilib. Energetiklərin mənzillə təminatının növbəti illərdə də həyata keçirilməsi planlaşdırılır.
Tədbirin sonunda Azərbaycanın ali məktəblərinin energetika fakültələrinə yüksək balla qəbul olunmuş 37 tələbəyə mükafatlar təqdim olunub.
Qeyd edək ki, 20 oktyabr - Energetiklər Günü 2004-cü ildən qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR