Göründüyü kimi, oktyabrda azalma tendensiyası davamlı olub. Bu müddət ərzində neft bazarına bir neçə amil təsir edib və onların arasında ən əsası dünya maliyyə böhranının iqtisadi böhrana çevrilməsi olub. Belə ki, maliyyə bazarlarında başlanan böhran artıq istehsal, istehlak və digər sahələrə sirayət edib və ABŞ, Avrozona, Asiya, Rusiyanın real sektoruna ciddi təsir göstərib. Nəticədə, istehsalat və istehlak üzrə real göstəricilər və proqnozlar azalıb. Əsas makroiqtisadi göstəricilərin enməsi dünya üzrə neft tələbatının azalmasına səbəb olub. Bu da neftin cari qiymətinin düşməsinə gətirib çıxarıb.
Qiymət azalmasının qarşısını almaq məqsədi ilə Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) oktyabrın 24-də keçirilən toplantısında noyabrın 1-dən gündəlik neft hasilatının 1,5 mln. barel azaldılmasına dair qərar qəbul edib. Belə ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatını 466 min barel, İran 199 min barel, BƏƏ 134 min barel, Küveyt 132 min barel, Venesuela 127 min barel, Nigeriya 113 min barel, Anqola 99 min barel, Liviya 89 min barel, Əlcəzair 71 min barel, Qətər 43 min barel, Ekvador 27 min barel azaltmalıdır. Bu qərarın icrası nəticəsində neftin bahalaşacağı gözlənilir. OPEC-in hesablamalarına görə, hasilatın azaldılmasına dair bu qərar üzv ölkələr tərəfindən tam icra olunarsa, neftin qiyməti 70-90 dollar səviyyəsinə yüksələcək. Analitiklərin fikrincə, OPEC bu göstəricilərə nail olmasa, hasilatın daha da azaldılması məsələsi gündəmə gələ bilər.