Bank Of Baku

Azərbaycanda qızıl istehsalına başlanılması prosesi daha bir ay ləngiyir

Azərbaycanda qızıl istehsalına başlanılması prosesi daha bir ay ləngiyir
# 30 mart 2009 10:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Gədəbəy» filiz yatağında qızıl istehsalına başlanılması daha bir ay gecikir. Bu barədə «APA-Economics»ə layihənin operatoru olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətindən (ABMƏŞ) məlumat verilib.
Hasilatın gecikməsi qızılın digər filizlərdən ayrılması üçün Kanada və Avstraliyadan alınmış avadanlıqların Azərbaycana hələ gətirilməməsi ilə əlaqələndirilir. Avadanlıqların ölkəyə gətirilib qurulması təxminən 1 ay çəkəcək və mayın birinci dekadasınadək zavod istehsala tam hazır olacaq.
Xatırladaq ki, ötən ay ABMƏŞ prezidenti Rza Vəziri «APA-Economics»ə açıqlamasında mart ayının sonu, aprelin ilk həftəsində Azərbaycanın «Gədəbəy» filiz yatağından qızılın sənaye üsulu ilə istehsalına başlanacağını bildirmişdi. ABMƏŞ-in apardığı son qiymətləndirmələrə əsasən, «Gədəbəy» yatağının qızıl ekvivalentində çıxarıla bilən ümumi ehtiyatı 1 mln. unsiyadır.
Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR