Dövlət Komitəsinin hesablamalarına əsasən, mədənçıxarma sənayesində istehsal həcmi mart ayının əvvəlinə 1 632,216 mln. manat təşkil edib, halbuki ötən ilin martın 1-nə bu göstərici 3 028,241 mln. manata bərabər olub. Mütləq rəqəmlərlə (müqayisəli qiymətlər nəzərə alınmadan) ölkədə fəaliyyət göstərən mədənçıxarma müəssisələrində məcmu istehsal 86% azalıb. Bunun əsas səbəbi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ) neft hasilatının enməsi və ixrac olunan «qara qızılın» ucuzlaşması olub. Belə ki, mədənçıxarma sənayesində aparıcı qüvvəyə malik olan ABƏŞ tərəfindən bu ilin ilk iki ayı ərzində 3,6% az və ya 6 mln. ton neft hasil olunub. Eyni zamanda, ABƏŞ üzrə 1 961,4 mln. kubmetr və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,1% çox əmtəəlik təbii qaz hasil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə neft hasilatı 2009-cu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən 0,33% artaraq 1,433 mln. tona çatıb. ARDNŞ üzrə qaz hasilatı isə hesabat dövründə 2008-ci ilin yanvar-fevral aylarına nisbətən 53,9% artaraq 1 344 mln. kubmetr təşkil edib.
Xatırladaq ki, mədənçıxarma sənayesinin milli iqtisadiyyatda xüsusi çəkisi yüksəkdir və son hesablamalara görə, bu göstərici 61%-ə bərabərdir. Sənayedə çalışan işçilərinin orta hesabla hər dörd nəfərindən biri mədənçıxarma sənayesində işləyir.
Bu sahənin müəssisələri tərəfindən istehsal olunmuş əmtəəlik mühüm sənaye məhsulları aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Məhsul növləri | 2009-cu ilin yanvar-fevral aylarında istehsal | 2008-ci ilin yanvar-fevral aylarına nisbətən, % | 01.03.2009-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
Xam neft və təbii qaz hasilatı |
| ||
Xam neft, min ton | 7 343,7 | 96,4 | 160,2 |
Təbii qaz (səmt qazı daxil olmaqla), mln. kubmetr | 3 797,3 | 98,9 | - |
o cümlədən, əmtəəlik | 3 103,4 | 118,4 | - |
Mədənçıxarma sənayesinin digər sahələri | |||
Çınqıl, qırma daş, xırda çay daşı, min ton | 365,7 | 111,0 | 106.9 |
İnşaat üçün əhəng daşı, min ton | 101,9 | 104,5 | 1,4 |
Duz, ton | 557,4 | 82,8 | 512,5 |