Bank Of Baku

Azərbaycanın Sənaye və Energetika Nazirliyində İNOGATE proqramı üzrə təqdimat keçirilib

Azərbaycanın Sənaye və Energetika Nazirliyində İNOGATE proqramı üzrə təqdimat keçirilib
# 09 dekabr 2009 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sənaye və Energetika Nazirliyində (SEN) İNOGATE (İnterstate Oil and Gas Transport to Europe) Texniki Katibliyinin dəstəyi və müxtəlif nazirlik, komitə və təşkilatların nümayəndələrinin iştirakı ilə İNOGATE proqramı üzrə təqdimat keçirilib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirin məqsədi Azərbaycanın enerji və əlaqədar sahələrdə çalışan mütəxəssislərinin İNOGATE proqramı barəsində məlumatlarının artırılması, proqramın forması, həyata keçirdiyi fəaliyyətlər, məqsədləri, gələcək fəaliyyət istiqamətləri və s. məsələlər barəsində məlumatlandırma olub.

İNOGATE Proqramının Azərbaycan üzrə ölkə koordinatoru Ramiz Rzayev Azərbaycanın yanacaq-energetika kompleksində son illərdə həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində çıxış edib. Daha sonra çıxış edən İNOGATE Proqramı Katibliyinin nümayəndələri tərəfindən iştirakçılara məlumatlar çatdırılıb.

Qeyd edək ki, İNOGATE Proqramı Avropa İttifaqı, Qara dəniz ətrafı və Xəzər dəniz ətrafı ölkələr, həmçinin onlarla qonşu ölkələr arasında energetika sahəsində əməkdaşlığın inkişafına yönəldilmiş layihədir. Proqram Avropa İttifaqının MDB-yə Texniki Yardım Proqramı Fondu (TACIS), Avropa qonşuluq partnyorluq aləti Fondu tərəfindən maliyyələşdirilir. Proqram Azərbaycandan başqa 12 ölkəni Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiyanı (müşahidəçi qismində) əhatə edir.

İNOGATE Proqramı 1995-ci ildə fəaliyyətə başlayıb. O zaman ancaq neft və qaz sahəsini əhatə edən proqramın əhatə dairəsi sonradan tərəfdaş ölkələrin qarşılıqlı əməkdaşlığı nəticəsində genişləndirilərək elektroenergetika, alternativ və bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və iqlim dəyişikliyi mövzuları da Proqramın fəaliyyət dairəsinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR