Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti sərhəddə yerləşən qaz kompressor stansiyalarının təmirinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti sərhəddə yerləşən qaz kompressor stansiyalarının təmirinə başlayıb
# 29 mart 2010 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansındakı qaz kompressor stansiyalarında təmir işlərinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

«Azəriqaz» İstehsalat Birliyi üzrə qaz təsərrüfatının inkişaf proqramına (2010-2013-cü illər) uyğun olaraq kompressor stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz edilməsi üçün 2005-ci ildə inşa edilərək istismara buraxılmış Astara kompressor stansiyasının maksimal çıxış təzyiqi 5,5 MPa və maksimal buraxma qabuliyyəti sutkada 2,2 mln. kubmetr təşkil edir. Muxtar Respublikaya ötürülən təbii qaz ilə yanaşı İrana sutkada 5 mln. kubmetr miqdarında qazın ixrac olunması burada yeni stansiyanın qurulmasına ehtiyac yaradıb. Bu məqsədlə Astara rayonunda yeni kompressor stansiyasının inşası üçün layihə tapşırığı hazırlanıb və quraşdırılacaq avadanlıqların seçilməsinə başlanıb. Yeni tikiləcək kompressor stansiyasının çıxış təzyiqi 7,5 MPa olacaq ki, bu da İrana sutkada 5 mln. kubmetr təbii qazın nəql edilməsinə imkan verəcək.

Cari ildə Rusiyaya ixrac olunan təbii qazın miqdarının artması ilə əlaqədar olaraq Qusar rayonunda yerləşən və 1994-cü ildən istismar olunmayan «Şirvanovka» kompressor stansiyasının bərpası istiqamətində də işlərə başlanılıb. Stansiyada quraşdırılmış qaz ötürücü aqreqatların yeni parametrlərlə istismar olunması üçün yenidənqurma, təmir-bərpa və modernləşdirilmə işləri həyata kecirilir. Stansiyada qaz ötürücü aqreqatların iş rejiminin iki pilləli olması sutkada 10 mln. kubmetr təbii qazın Rusiyaya nəql edilməsinə şərait yaradacaq. Stansiyanın bərpası 2010-cu ilin sonunadək başa catdırılacaq.

Cari ildə yeraltı qazsaxlama anbarlarına qazın vurulması üçün Qazıməmməd kompressor stansiyasının istifadəsi də planlaşdırılır. Bununla əlaqədar olaraq stansiyada qaz ötürücü aqreqatlar təmir olunur və onların idarəetmə sistemi yenisi ilə əvəzlənir. Qazıməmməd kompressor stansiyasının aprel ayında istismara buraxılacağı gözlənilir. Bu stansiyanın istismara buraxılması Qalmaz yeraltı qazsaxlama anbarında quraşdırılmış aqreqatlar vasitəsi ilə qazın tələb olunan təzyiq altında vurulmasına şərait yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR