Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Russneft» şirkətinin Azərbaycanla heç bir əlaqəsi yoxdur»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Russneft» şirkətinin Azərbaycanla heç bir əlaqəsi yoxdur»
# 30 mart 2010 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Russneft» şirkətinin hazırda Azərbaycanla heç bir əlaqəsi yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, əvvəllər Azərbaycanda neft layihəsində iştirak payı alan «Russneft» şirkəti sonradan öz payını Britaniyanın «Global Investment» şirkətinə satıb. Sonrakı mərhələdə isə Britaniya və Azərbaycan tərəfinin iştirakı ilə «Azerbaijan Global Energy» əməliyyat şirkəti yaradılıb.

Qeyd edək ki, Rusiyanın AFK «Sistema» şirkəti Azərbaycandakı neft yataqlarının işlənməsi layihəsində əvvəllər paya malik olan «Russneft» şirkətinin minoritar səhm paketini (48%) alıb. AFK «Sistema»ya rəhbərlik edənlərdən biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryandır.

Xatırladaq ki, 2006-cı ilin noyabrın 3-də Rusiyanın «Russneft» şirkətilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında «Russneft Absheron Investments Ltd.» əməliyyat şirkətinin yaradılmasına dair müqavilə imzalanıb. Müştərək şirkət «Zığ-Hövsan» yataqlar blokunun işlənməsi ilə məşğul olub. Kontrakt sahəsi 65 kv. km, çıxarılan neft ehtiyatları qalığı isə 12 mln. ton təşkil edir. Hasilat işlərinə 2007-ci ilin sentyabr ayında başlanılıb.

Əvvəllər bu blokun işlənməsində operator rolunda Rusiyanın «LUKoil» şirkəti çıxış edib. Belə ki, 2001-ci ilin yanvarın 9-da ARDNŞ ilə «LUKoil» arasında bərabər paylar əsasında (50%) PSA tipli müqavilə bağlanıb. Lakin sonradan layihə üzrə ekoloji bərpa işlərinə böyük həcmli investisiya tələb olunduğuna görə, «LUKoil» layihədən imtina edib və kontrakt 2004-cü ilin dekabr ayında ləğv olunub. «LUKoil» ekspertlərinin hesablamalarına əsasən, ümumi investisiyalar 250-300 mln. ABŞ dolları olduğu halda, ekoloji məsələlərin həllinə təqribən 100 mln. dollar tələb olunur.

Qeyd edək ki, «Zığ» yatağı 1935-ci, «Hövsan» yatağı isə 1948-ci ildən istismar olunur və indiyədək bu blokdan mövcud ehtiyatların yalnız 5-10%-i çıxarılıb. «Hövsan-Zığ» bloku Bakıdan təqribən 25 km şimal-şərqdə yerləşir. Layihəyə təxminən 100-150 mln. dollar həcmində investisiyanın yatırılacağı gözlənilir və bunun 10-15%-i ekoloji tədbirlərin icrasına sərf olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR