Bank Of Baku

Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında qaz ixracı ilə bağlı anlaşma memorandumu imzalanıb - YENİLƏNİB

Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında qaz ixracı ilə bağlı anlaşma memorandumu imzalanıb - <font color=red>YENİLƏNİB</font>
# 13 aprel 2010 14:00 (UTC +04:00)
«APA-Economics»in «Mediafax» agentliyinə istinadən verdiyi məlumata görə, sənədin imzalanma mərasimində sualları cavablandıran Rumıniyanın iqtisadiyyat naziri Adriean Videanu bildirib ki, bu layihə «Nabucco»dan tez tamamlana bilər.

Anlaşma memorandumunu Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adriean Videanu, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri imzalayıb.

“İmzalanmış memoranduma əsasən, texniki iqtisadi əsaslandırmanın aparılması məqsədi ilə bir neçə ay ərzində əsas ofisi Buxarestdə olan şirkət yaradılacaq”, - deyə A. Videanu bildirib.

A.Videanunun sözlərinə görə, AGRI «Nabucco» qaz kəmərindən tez tamamlana bilər və bu, Avropa cənub dəhlizi çərçivəsində ən sürətli və səmərəli layihədir. AGRI vasitəsilə nəql olunacaq təbii qazın bir hissəsi Rumıniya tərəfindən istifadə olunacaq. Belə ki, layihə çərçivəsində ildə 7 mlrd. kubmetr qazın nəql olunacağı gözlənilir ki, bunun da 2 mlrd. kubmetrini Rumıniya istifadə edəcək.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə sözügedən layihənin Qara dəniz regionundakı bütün ölkələr üçün vacib olduğunu söyləyib. Nazir bu layihənin Qara dənizdə ilk mayeləşdirilmiş təbii qaz nəqli layihəsi olduğunu, Cənub-Şərqi Avropa üçün mühüm dəhliz təşkil edəcəyini bildirib. Potensial təchizatçı kimi Azərbaycanın layihəni lazımı qaz həcmi ilə uzunmüddətli təmin etmək iqtidarında olub-olmaması ilə bağlı sualı cavablandıran N.Əliyev Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2 trln. kubmetrdən artıq olduğunu və hazırkı hasilat həcmi əsas götürülərsə bu ehtiyatların ölkənin 100 illik tələbatını ödəyə biləcəyini vurğulayıb. N.Əliyev həmçinin Azərbaycanla Rumıniya arasında gələcəkdə neft nəqli sahəsində, o cümlədən Pan Avropa layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının da nəzərdən keçirildiyini bildirib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, memoranduma əsasən, tərəflər qazın ticarəti və Rumıniyada yeraltı qaz anbarlarından istifadə olunması, enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasını qərara alıblar. Həmçinin AGRİ layihəsinin texniki, texnoloji, ticarət, maliyyə və hüquqi aspektlərinin müəyyənləşdirilməsi və iqtisadi-texniki əsaslandırılmasının işlənib-hazırlanması məqsədilə Buxarestdə şirkətin yaradılması ilə bağlı Rumıniya tərəfinin təklifi qəbul edilib.

Qeyd edək ki, AGRİ layihəsi gələcəkdə Azərbaycanın təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkənin ərazisində mövcud olan qaz infrastrukturu şəbəkəsi vasitəsilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur.
Səfirlikdən o da bildirilib ki, Buxarestə səfər çərçivəsində N.Əliyev Rumıniya prezidenti Trayan Basesku, iqtisadiyyat, ticarət və biznes mühiti naziri və eyni zamanda Azərbaycan və Rumıniya hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə müştərək komissiyanın həmsədri Adrian Videanu ilə görüşlər keçirib. Azərbaycan nümayəndə heyəti Rumıniyaya səfəri zamanı Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin inzibati binası və fəaliyyəti ilə tanış olub. Nazir N.Əliyevin rəhbərliyi altında Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin tərkibi xarici işlər nazirinin müavini Xələf Xələfov və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR