Bank Of Baku

“Ekol” şirkəti bu il Siyəzən rayonunda neftlə çirklənmiş əraziləri təmizləyəcək

“Ekol” şirkəti bu il Siyəzən rayonunda neftlə çirklənmiş əraziləri təmizləyəcək
# 26 aprel 2010 14:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın “Ekol Mühəndislik Xidmətləri” QSC ARDNŞ-in “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) 50 hektaradək mədən ərazilərində neftlə çirklənmiş sahələrin bioremediasiya işləri aparır. Bu barədə «APA-Economics»ə «Ekol» şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Mədən ərazilərinin biri-birindən uzaq məsafədə və çətin relyef şəraitində yerləşməsi səbəbindən layihənin icrasında xüsusi yanaşma tətbiq olunur. Bununla əlaqədar olaraq bu işlərin yerinə yetirilməsi üçün «Ekol»un torpaqların rekultivasiyası departamentinin mütəxəssisləri və onlarla xüsusi texnikası cəlb edilib.

İlin əvvəlindən ötən dövr ərzində “Siyəzənneft” NQÇİ-nin NYM və Gilgilçay mədən sahələrində layihə üzrə xeyli işlər görülüb. Cari ilin yanvar-aprel ayları ərzində bu ərazilərdən 5 426 kubmetr çirkab su, 9 946 kubmetr neft şlamı çıxarılıb. Əraziyə 17 733 kubmetr torpaq daşınaraq yaşıllaşdırma tədbirləri görülüb. Yaxın günlərdə Gilgilçay sahəsində neft şlamının bioremediasiyası prosesinə başlanılması planlaşdırılır. Layihənin sonrakı mərhələsində isə Sadan NYM və Ataçay mədən ərazilərində bioremediasiya işləri həyata keçiriləcək.

Şirkət bununla yanaşı, 2010-cu ildə “Ekologiya ili” çərçivəsində ARDNŞ-in Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi), “Abşeronneft” NQÇİ-nin (Pirallahı qəsəbəsi) mədən ərazilərində rekultivasiya və bioremediasiya işləri və Sabunçu rayonu ərazisində (Böyük Şor sahəsi) Olimpiya stadionunun tikintisi üçün ayrılmış sahənin çirkab sulardan, neft tullantılarından təmizlənməsi və rekultivasiyası layihələrini həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR