Bank Of Baku

Almaniya şirkəti Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı təkliflərini ARDNŞ-a təqdim edib

Almaniya şirkəti Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlı təkliflərini ARDNŞ-a təqdim edib
# 27 aprel 2010 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin qaz təchizatı sisteminin müasir səviyyədə yenidən qurulması istiqamətində bu sahədə zəngin təcrübəyə malik xarici şirkətlərlə danışıqlar aparır.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ölkə prezidentinin tapşırığına əsasən hazırlanmış konsepsiyada mövcud qaz təchizatı təsərrüfatının Avropa standartlarına uyğunlaşdırılması əsas götürülüb.

Yenidənqurma işlərinin istehlakçıların sayı baxımından daha böyük olan Bakı və Abşeron regionundan başlanılması nəzərdə tutulur. Artıq Almaniyanın «E.ON Ruhrgas» şirkəti Bakının, ətraf qəsəbələrin və Abşeron rayonunun qaz təchizatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması üçün təkliflərini hazırlayaraq ARDNŞ-a təqdim edib. «E.ON Ruhrgas» şirkətinin ilkin hesablamalarına görə, dairəvi qaz təchizatı sisteminin tətbiq olunması, qazpaylayıcı şəbəkənin genişləndirilməsi və müasirləşdirilməsi, yeni kəmərlərin çəkilməsi, yerüstü boru şəbəkələrinin yerin altı ilə aparılması, mərkəzləşdirilmiş çevik nəzarət və ölçü-qeydiyyat sisteminin yaradılması, informasiya texnologiyalarından istifadə edilməsi, qəza-dispetçer sisteminin təkmilləşdirilməsi, kompressorların, digər avadanlıqların, habelə «Smart-kart» tipli qaz sayğaclarının quraşdırılması və başqa zəruri tədbirlərin həyata keçirilməsi üçün 1,1 mlrd. avro məbləğində investisiya qoyulmalıdır.

Bundan başqa, Almaniyanın nüfuzlu «RWE» şirkəti də yaxın vaxtlarda öz təkliflərini ARDNŞ-a təqdim edəcəyini bildirib. Qeyd edək ki, bu məqsədlə danışıqlar digər Avropa şirkətləri ilə də davam etdirilir və onların da müəyyən edilmiş müddətdə konkret təkliflərlə çıxış edəcəkləri gözlənilir. Bütün təkliflər əldə olunduqdan sonra ARDNŞ-ın mütəxəssisləri tərəfindən dəyərləndiriləcək, bundan sonra isə Bakı və Abşeronun qaz təchizatı sisteminin yenidənqurması layihəsi üzrə yekun qərar veriləcək.

Bakı və Abşeronun qaz təchizat sisteminin yenidənqurma layihəsi ilə paralel olaraq respublikanın digər regionlarında da analoji işlərin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR