Bank Of Baku

BASF Azərbaycanda yeni layihələr həyata keçirməyi planlaşdırır

BASF Azərbaycanda yeni layihələr həyata keçirməyi planlaşdırır
# 20 may 2010 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «BASF Caspian» kimya şirkəti Azərbaycanda bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə şirkətin baş direktoru Ümid Başdaş məlumat verib.

Ü.Başdaşın sözlərinə görə, hazırda «BASF Caspian» şirkəti Azərbaycanda əsasən tikinti kimyası sahəsində fəaliyyət göstərir. Hazırda üzərində iş gedən layihələr isə qeyri-tikinti sektoruna aid olacaq.

«Onların arasında aqrar sektor kimyası da ola bilər. Biz həmçinin ARDNŞ ilə görüşüb burada neft, qaz, neft-kimya sahələrində birgə layihələri, müasir texnologiyaların Azərbaycana gətirilməsi və s. məsələləri müzakirə etməyi planlaşdırırıq», - deyə Ü.Başdaş vurğulayıb.

Təmsil etdiyi şirkətin bu ildən Azərbaycan bazarına neapor məhsulunu çıxarmağı planlaşdırdığını deyən Ü.Başdaş bildirib ki, tikinti sektorunda istifadə olunan bu məhsul yüksək izolyasiya təmin etdiyi üçün yayda istiliyi, qışda isə soyuğu mənzilə buraxmır: «Neapor BASF-ın bir məhsuludur. Biz bunun xammalını hazırlayır və Azərbaycana hazır gətiririk. Ancaq neapor lövhələrin istehsalı burada maraqlı olan şirkətlər tərəfindən həyata keçiriləcək».

Şirkət rəhbəri onu da qeyd edib ki, 2009-cu ildə dünyada müşahidə olunan böhran Azərbaycanda özünü göstərməsə də, bazar nisbətən kiçilib. Bu il vəziyyət bir qədər yaxşılaşsa da keçən ildəkindən fərqli deyil.

Qeyd edək ki, dünyanın ən böyük kimya şirkətlərindən olan BASF-ın Azərbaycanda törəmə müəssisəsi olan «BASF Caspian» Sumqayıt şəhərində yerləşir. Şirkət Azərbaycanda tikinti sektoru üçün 80 adda məhsul istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR