Bank Of Baku

İyunda Çıraq Neft Layihəsi çərçivəsində dənizdə yeni platformanın dayaq plitəsi quraşdırılacaq

İyunda Çıraq Neft Layihəsi çərçivəsində dənizdə yeni platformanın dayaq plitəsi quraşdırılacaq
# 20 may 2010 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) layihəsi çərçivəsində Çıraq Neft Layihəsi (ÇNL) üzrə tikinti işlərini davam etdirir.

«APA-Economics»in məlumatına görə, ÇNL-ın tikinti üzrə layihə meneceri İlqar Məmmədov qeyd edib ki, ÇNL çərçivəsində dənizdə yerləşdiriləcək yeni platformanın dayaq plitəsi artıq hazırdır və bu ilin iyun ayı ərzində dənizdə quraşdırılacaq: «Dayaq plitəsi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanıb ki, plitənin hazırlanmasına ötən ilin dekabr ayında başlanılıb. Cari ilin III rübündə layihə çərçivəsində dənizdə dayaq plitəsinin və istiqamətləndirici payaların quraşdırılması, üst tikililərin və qazma avadanlıqlarının hazırlanmasına başlanılması və dayaq blokunun hazırlanmasına başlanılması nəzərdə tutulub».

İ.Məmmədovun sözlərinə görə, sözügedən dayaq plitəsi bundan öncə hazırlanan digər platformaların 5 plitəsindən bir qədər fərqlidir. Belə ki, yeni, 6-cı plitə 18 deyil, 20 qazıcı konusdan ibarətdir.

Qeyd edək ki, daha sonra, 2012-ci ilin II rübündə layihə çərçivəsində sualtı boru kəmərlərinin quraşdırılmasına başlanması, III rübdə dayaq blokunun dənizə yola salınması, IV rübdə isə dayaq blokunun quraşdırılması planlaşdırılır.

Layihənin növbəti addımının 2013-cü ilin II rübündə yerinə yetiriləcəyi gözlənilir ki, bura üst tikililərin hazırlanması və quraşdırılması daxildir. Nəticədə, 2013-cü ilin IV rübündə ÇNL layihəsi çərçivəsində ilk neft hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, layihə «BP-Azerbaijan» və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən birgə hazırlanıb. Layihənin ümumi dəyəri 6 mlrd. ABŞ dolları təşkil edir. Ümumiyyətlə, layihənin icrası üçün 1 800 daimi iş yerinin açılması nəzərdə tutulub.

Xatırladaq ki, layihənin icrası üçün artıq sanksiya verilib.

AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR