Bank Of Baku

ARDNŞ bu il 22 sahədə 117 259 metr qazma işi aparmağı və 78 quyunu təhvil verilməyi planlaşdırır

ARDNŞ bu il 22 sahədə 117 259 metr qazma işi aparmağı və 78 quyunu təhvil verilməyi planlaşdırır
# 26 may 2010 12:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Tresti bu il axtarış-kəşfiyyat və istismar qazması üzrə quru və dəniz ərazilərində yerləşən 22 sahədə 117 259 metr qazma işi aparmağı və 78 quyunu təhvil verilməyi planlaşdırır.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, qazma işlərinin 107 886 metri istismara, 9 373 metri isə kəşfiyyata aid olacaq. Artıq bu işlərin 50%-i yerinə yetirilib. Qazma işləri Quba-Xəzəryanı, Abşeron, Yevlax-Ağcabədi, Aşağı Küryanı neftli-qazlı rayonlarını, eləcə də dəniz akvatoriyasındakı Bakı və Abşeron arxipelaqlarını əhatə edir.

Kəşf olunmuş yataqlar içərisində zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağındakı 82 nömrəli özüldə 89 nömrəli axtarış quyusunda qazma işləri davam etdirilir. Hazırda qazma işləri davam etdirilən “Ümid” strukturundakı 8 nömrəli axtarış quyusunun istismara verilməsi yeni perspektivli yatağın açılmasına zəmin yaradacaq. “Ələt-dəniz” yatağındakı 18 nömrəli özüldən qazılan 74 nömrəli quyudan isə sutkada 20 ton kondensat, 20 min kubmetr qaz hasil ediləcəyi gözlənilir. Bundan başqa, “8 mart” sahəsindəki 730 nömrəli özüldən 731 nömrəli quyuda da qazma işlərinə başlanılıb. Bu quyudan sutkada 40 ton kondensat, 350 min kubmetr qaz hasilatı gözlənilir. Abşeron arxipelaqında yerləşən “Günəşli” yatağındakı 10 nömrəli özüldən 50 nömrəli, 19 nömrəli özüldən 69 nömrəli, 6 nömrəli özüldən 70 nömrəli quyuların da 2010-cu ildə qazılaraq mədənçilərə təhvil veriləcəyi nəzərdə tutulub. Bu quyuların hər birindən 40 ton neft, 250 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır. “Bahar” yatağındakı 76B nömrəli özüldən qazılan 209q nömrəli quyuda isə sutkalıq hasilatın 30 ton kondensat, 300 min kubmetr qaz olacağı ehtimal edilir. Bundan başqa, Qalmaz Yeraltı Qaz anbarının genişləndirilməsi məqsədilə “Qalmaz” sahəsində qazılan 338, 339 və 340 nömrəli quyuların da cari ildə təhvil verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR