Bank Of Baku

ARDNŞ prezidenti «Azərikimya» İstehsalat Birliyində nəzərdə tutulan yenidənqurma tədbirləri ilə bağlı müzakirələr aparıb

ARDNŞ prezidenti «Azərikimya» İstehsalat Birliyində nəzərdə tutulan yenidənqurma tədbirləri ilə bağlı müzakirələr aparıb
# 31 may 2010 14:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «Azərikimya» İstehsalat Birliyində olaraq orada nəzərdə tutulan yenidənqurma tədbirlərinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Əvvəlcə Bakı-Quba magistralı üzərində yerləşən «Üzvi sintez» zavodunun ərazisinə baş çəkən ARDNŞ prezidentinə kimya sənayesində vəziyyətin stabilləşdirilməsi istiqamətində görülən ilkin tədbirlər, burada yaradılması planlaşdırılan kimya texnoparkının eskizləri və onunla bağlı ilkin təkliflər təqdim olunub. Həmçinin ərazidə aparılacaq abadlaşdırma işlərinin miqyası barədə məlumat verilib. R.Abdullayev yalnız Sumqayıtın deyil, bütövlükdə Azərbaycan sənayesinin perspektiv inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək kimya texnoparkının yaradılması ilə bağlı müvafiq strukturların rəhbərlərinə göstərişlər verib. Daha sonra «Üzvi sintez» və Etilen-polietilen zavodlarının texnoloji qurğularının hazırki vəziyyəti və fəaliyyəti ilə tanış olan R.Abdullayev müasir standartlara cavab verməyən və istismarı dayandırılmış sex və sahələrdə aparılacaq demontaj işlərinin zəruriliyini qeyd edib.

EP-300 kompleksinin dəniz sahilində yerləşən soyutma qurğusuna baş çəkən ARDNŞ prezidenti onun səmərəliliyinin artırılması, enerji daşıyıcıları itkisinin minimal həddə endirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərlə tanış olub.

«Azərikimya» İB-də keçirilən müşavirədə isə Sumqayıtda cəmlənmiş kimya kompleksinin inkişaf perspektivləri, istehsalat sahələrinin mütərəqqi texnologiyalar əsasında yenidən qurulması, məhsulların çeşidlərinin artırılması və keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması ilə bağlı müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR