Bank Of Baku

Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi üzrə işləri davam etdirir

Azərbaycan, Gürcüstan və Rumıniya AGRI layihəsi üzrə işləri davam etdirir
# 01 iyun 2010 12:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan, Gürcüstan və Rumıniya AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsini həyata keçirmək üçün baş ofisi Buxarestdə yerləşəcək birgə müəssisənin yaradılması istiqamətində iş aparır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq bunun üçün işçi qrupları yaradılıb. Birgə müəssisənin yaradılmasına dair lazımi sənədlər, nizamnaməsi, əsasnaməsi və layihənin texniki-iqtisadi əsaslandırma sənədləri üzərində işlər aparılır.

Qeyd edək ki, Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu ilin aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılaraq, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur. Gələcəkdə Azərbaycan qazını Avropa İttifaqına üzv olan ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəmərinin çəkilməsi də nəzərdə tutulur.

Layihənin birinci mərhələsində hər il 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır. Layihə çərçivəsində Konstansa və Kulevi limanlarında maye qaz terminalları yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR